AZ

Kilosu 450 manata çayın nə özəllikləri var?...


Akif Nəsirli: “Bu çayların özəllikləri onun vitaminlər, mineral komponentlərlə zəngin olmasıdır”

Kimimiz sadə, kimimiz limonlu, bəzilərimiz çox şirin, bəzilərimiz isə öz stəkanımız olmadan içmirik onu. Hətta armudu stəkanda onun dadının bir başqa olduğunu düşünənlər də var. Söhbət hər birimizin vazkeçilməz içkisi olan çaylardan gedir. Çay yalnız Azərbaycanda deyil, bütün dünyada sevilən içki növüdür.

Bu gün dünyada çayın 1500-ə yaxın növü var. Məlumat üçün bildirək ki, Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir. Bu gün ölkəmizdə müxtəlif növdə və qiymətdə çaylar satılır. Yerli və xarici istehsal olan bu çaylar içərisində Lənkəran çayı birinci yeri tutur. Lənkəran çayı tək keyfiyyətinə görə deyil, eyni zamanda, qiymətinə görə də seçilir. Məlumat üçün bildirək ki, Lənkəran rayonunun mərkəzi bazarında bir kiloqramı 400-450 manata çay satılır. Maraqlıdır, Lənkəran çayı niyə bu qədər bahadır və çayın nə kimi özəllikləri var?

“Lənkəran çayı Astarada əkilsə, o keyfiyyəti ala bilmərik, bunun səbəbi vitaminlərlə bağlıdır”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bahalı çaylar var: “Hindistanın Darcilinq bölgəsində becərilən çayın 1 kiloqramı 1000 dollara yaxındır. Bu çayların özəllikləri onun vitaminlər, mineral komponentlərlə zəngin olmasıdır. Həmin komponentlər digər çayların tərkibində kifayət qədər az olur. Həm çayın növündən, həm də becərildiyi iqlim şəraitindən asılı olaraq yüksək keyfiyyətə malik çay yetişdirilir. Belə çaylar Lənkəranda yetişir. Məlumat üçün deyim ki, Sovet dönəmində Zaqatalada da bu cür çaylar yetişirdi. Lənkəranın bütün ərazilərində deyil, bəzi bölgələrində həmin çaylar becərilir. Həmin çayların geniş şəkildə becərilməməsinin səbəbi iqlimlə bağlıdır. Yəni Lənkəran çayı Astarada əkilsə, o keyfiyyəti ala bilmərik. Ümumiyyətlə, dünyada bir neçə bölgə var ki, orda yüksək keyfiyyətli çay yarpaqları yetişdirilir. Burda regionun böyük rolu var. Lənkəran iqliminin bizə verdiyi nemətlərdən yararlanırıq, ancaq Zaqataladan yox. Dediyim kimi, Zaqatalada da yüksək keyfiyyətli çay yetişib və yetişə bilər. Bu işə diqqət ayrılmalıdır”.

Günel CƏLİLOVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr