AZ

ABŞ-ın azalan dəstəyi Ukraynada savaşa necə təsir edəcək?

ABŞ-ın Ukraynaya hərbi yardımının azaldılması yalnız regional təhlükəsizliyə deyil, həm də qlobal sabitliyə ciddi təhdid yarada bilər. Analitiklərin fikrincə, bu cür addım Rusiyanın cəbhə xəttində mövqelərini gücləndirməsinə şərait yarada, eləcə də münaqişənin diplomatik yollarla həll perspektivlərini zəiflədə bilər. Bu barədə ABŞ-da yerləşən nüfuzlu tədqiqat qurumu – Müharibənin Öyrənilməsi İnstitutu (ISW) tərəfindən yayımlanan son hesabatda geniş təhlil təqdim olunub.

İnstitutun ekspertləri bildirirlər ki, ABŞ və Qərbin hərbi-siyasi dəstəyi Ukraynanın müdafiə qabiliyyəti və döyüş meydanında təşəbbüsü əlində saxlaması baxımından həlledici əhəmiyyət daşıyır. Onların qənaətincə, dəstəyin azalması Rusiyanı strategiyasını dəyişməyə vadar etməyəcək. Əksinə, Moskva hələ də Ukraynanın öz mövqelərini qoruyub saxlamaq qabiliyyətinə şübhə ilə yanaşır və Qərbin uzunmüddətli dəstəyini zəif hesab edir. Bu isə Rusiyanı hücumları davam etdirməyə təşviq edə bilər.

ISW-nin hesabatında vurğulanır ki, ABŞ tərəfindən göstərilən genişmiqyaslı yardım Ukraynanın müdafiə imkanlarını artırmaqla yanaşı, Kremlin hərbi hesablamalarını dəyişməkdə və Rusiya tərəfini daha konstruktiv danışıqlara cəlb etməkdə mühüm rol oynaya bilər. Əks halda, ABŞ-ın dəstəyinin azalması mümkün sülhün əldə olunmasını çətinləşdirəcək. “Belə bir inkişaf ABŞ prezidenti Donald Trampın Ukraynada uzunmüddətli və davamlı sülhə nail olmaqla bağlı verdiyi vədlərlə ziddiyyət təşkil edir”, – deyə ISW-nin hesabatında qeyd olunur.

Xatırladaq ki, prezident Donald Tramp çıxışlarında münaqişənin diplomatik yollarla dayandırılmasının vacibliyini bəyan edib. Lakin İstanbulda keçirilmiş danışıqlara baxmayaraq, sülh prosesində ciddi irəliləyişə nail olunmayıb.

ABŞ-ın müdafiə naziri Pit Heqset Konqresdəki dinləmələrdə 2026-cı il üçün nəzərdə tutulan büdcə çərçivəsində Ukraynaya silah tədarükü üçün proqnozlaşdırılan xərclərin azaldılması planlarının mövcud olduğunu açıqlayıb. Nazir, eyni zamanda, Tramp administrasiyasının bu münaqişəyə “fərqli baxışa” malik olduğunu və diplomatik həll yollarının üstün tutulduğunu vurğulayıb.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti Konqresə təqdim etdiyi hesabatda Ukraynaya silah ixracı üçün 30 milyard ABŞ dolları dəyərində lisenziyanın verilməsi ilə bağlı prosedurların davam etdirildiyini bildirib ki, bu da administrasiyanın daxili siyasətində müəyyən ziddiyyətli baxışların mövcudluğuna işarədir.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın yardımını məhdudlaşdırması yalnız Ukraynanın deyil, bütövlükdə, Avropa təhlükəsizlik arxitekturasının zəifləməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə Rusiya təhdidinin artması, NATO-nun şərq cinahında hərbi balansın pozulması və digər münaqişələrin alovlanması riski də istisna edilmir.

Bundan başqa, ABŞ-ın Ukraynaya hərbi yardımının azalması təkcə cəbhə xəttindəki vəziyyəti deyil, həm də sülh danışıqlarının perspektivlərini, beynəlxalq alyansların etibarlılığını və qlobal təhlükəsizlik mühitini dərindən dəyişmək potensialına malikdir. Bu vəziyyət, dünya miqyasında təhlükəsizliyin azalmasına və yeni münaqişələrin yaranması riskinə yol aça bilər. Beynəlxalq ictimaiyyət, bu potensial nəticələri nəzərə alaraq Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayır.

S.ELAY
XQ

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr