BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
İran ilə İsrail arasında artıq birbaşa raket və hava hücumları ilə müşayiət olunan müharibə gedir. İsrailin ilk zərbələri zamanı bir çoxları İranın artıq zəiflədiyini və tezliklə çökməsinin qaçılmaz olduğunu düşündü. Lakin İranın ballistik raketlərlə verdiyi cavab bu qənaətin nə qədər səthi olduğunu göstərdi. Göründüyü kimi, 1984-cü ildən bəri davam edən ağır sanksiyalara baxmayaraq, İran ekstremal şərtlər altında belə güclü bir hərbi arsenal qurmağı bacarıb.
Lakin diqqət çəkən əsas məqam odur ki, hamının gözlədiyi kimi İranın bölgədəki proksi qüvvələri – Hizbullah, Husilər, İraqdakı şiə qrupları – hələ ki, açıq şəkildə hərəkətə keçməyib. Bu qüvvələr passiv mövqe tutmağa davam edəcəkmi? Suriyadan İranın hərbi varlığının xeyli dərəcədə məhdudlaşdırılması da onun bölgədəki imkanlarına zərbə vurub. Lakin Suriyada hələ də mövcud olan “yatmış hücrələr”in gələcəkdə hansı rol oynayacağı sual doğurur.
Bildiyiniz kimi, mənim analiz yanaşmam bir qədər fərqlidir. Bəzi dostlar bu yanaşmanı qeyri-ənənəvi və bəzən "ağlabatan olmayan" hesab edirlər. Amma bu günə qədər həmin proqnozların əksəriyyəti doğru çıxıb – hərçənd, istərdim ki, onların heç biri gerçəkləşməsin. Müharibə – ölümdür, qandır. Olmasa yaxşıdır...
Məsələyə qayıdaq. İran, ehtimal ki, özəlliklə proksi qüvvələrini savaşın son mərhələlərinə saxlayır. Əgər İsrail ilə İran arasındakı münaqişə havadan yerə – yəni genişmiqyaslı və uzunmüddətli torpaq müharibəsinə çevrilsə, o zaman Hizbullah, Husilər, İraqdakı şiə dəstələri və Suriyadakı hücrələr də fəallaşacaq. Bu da o deməkdir ki, bölgədə yenidən qan axacaq, yenə savaş başlayacaq.
Təəssüf ki, tarix təkrarlanır. Yenə də əziyyət çəkən günahsız insanlar olacaq. Xüsusilə də uşaqlar...
Kaş ki, bütün bunların əvəzinə sülh olardı.