İran, Fordo və İsfahan nüvə obyektlərində məhdud zərər meydana gəldiyini açıqladıqdan sonra, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Natanz şəhərindəki nüvə obyektində radiasiya və kimyəvi sızma baş verdiyini bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, məlumata görə, bu sızma müvafiq tədbirlərlə nəzarət altına alına biləcək səviyyədədir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Mariano Qrossi məsələ ilə bağlı açıqlamasında deyib:
“İranın 60 faizlik zənginləşdirilmiş uran istehsal etdiyi yerüstü obyekt tamamilə məhv edilib. Natanz şəhərindəki nüvə obyektində radioloji və kimyəvi çirklənmə var.
Obyektin daxilində həm radioaktiv maddələrlə, həm də kimyəvi birləşmələrlə bağlı ciddi kontaminasiya baş verdiyi bildirilir. Bu vəziyyət həm işçilər, həm də ətraf mühit üçün əhəmiyyətli bir sağlamlıq və təhlükəsizlik riski yarada bilər".
Qrossi bildirib ki, Natanzdakı yeraltı zənginləşdirmə bölməsinə qarşı bir hücum əlaməti yoxdur, lakin elektrik təchizatına edilən hücum sentrifuqlara zərər vermiş ola bilər.