AZ

Dəhlizin nəzarətçisi

Müsəlman camaatının inkişafdan qalmağında dini ayinlərə aludəçiliyin böyük rolu vardır. Gündə neçə dəfə namaz qılırsan, ilin bir ayı getdi məhərrəmliyə, bir ay orucluğa, o biri aylar da hərəsi hansısa müqəddəsin rəhmətə getməsi münasibətiylə yas saxlanılır. Həcc ziyarəti, pirlərə nəzir, üç-yeddi-qırx-il mərasimləri, cümə axşamı və sairə və ilaxır. Dünya işlərinə yazıqların vaxtı qalmır ki. Sənin başın o biri dünyanın qazanmağa qarışdığı zaman bir də görürsən hardansa raket uçdu, gəldi, generallar qarışıq hamı cənnətməkan oldu.

Dünən günorta bir qahımla söhbətləşirdik, dedi görəsən İranın İsrailə göndərdiyi dronlar mənzilə çatdımı. Təsəvvür elə. Gecə saat 3-də səni bombalayırlar, milli “nəcməddinsadıxovun” qarışıq, neçə general və nüvə alimi ölür, cavab üçün uçan dronlar isə 12 saatdır yoldadır. Elə bil Bakıdan Ağstafaya qatarla qurut göndərirsən. (İndi kənd təsərrüfatımız inkişaf elədiyi üçün bu cür proseslər tərsinə dövran edir).

Sabir çox böyük adam olub, biz onun qədir-qiymətini hələ anlamırıq. Gör adam nə qədər dəqiq yazıb: “Ağladıqca kişi qeyrətsiz olur, Necə ki, ağladı İran oldu”.

O cür qədim tarixi, mədəniyyəti olan bölgə yüz illərdir bir qrup din tüccarının əlində əsir-yesir vəziyyətdədir. Nə özləri xoşbəxt olur, nə başqalarını adam kimi yaşamağa qoyurlar.

Məsələn, indi çoxumuza elə gəlir ki, İran günahsız qurbandır. Ancaq bütün Orta Doğuda saysız-hesabsız qanlı işlərin arxasından, xaosun və terrorun içindən iranlı instruktorlar, generallar, mollalar çıxanda niyə bunun bir cavabı olacağını fikirləşmirdilər? “İslam inqilabını ixrac etmək” dövlətin rəsmi məqsədi, məramıdır. Ta kimsə bu ideologiyanı istəyir, istəmir, mollaların vecinə deyil.

Rusiya Ukraynaya terrora başlayanda ona ilk dəstək verən, əl uzadan kim oldu? Ay sağ ol: İran. “Şahed” dronlarını dinc Ukrayna uşaqlarının başına yağdıran dünən öldürülən iranlı generallar deyildimi? Öz ölkəsini qorumaq, öz xalqını müdafiə etmək yerinə dünyanın hər yerində nifaq, qırğın axtarırlar. Bu da təbiətdə sınaqdan çıxmış qaydadır: başqasına quyu qazan özü düşür.

Bir maraqlı qanunauyğunluq, tendensiya da müşahidə edilməkdədir. Kim Ermənistanı, onun başqa xalqlara qarşı iddialarını dəstəkləyibsə, mütləq əvvəl-axır zibilə düşübdür. Baxın, Qafqazda Ermənistanın ən yaxın müttəfiqi Rusiya idi. Rusiya bundan nə qazandı? Heç nə. Yalnız ümumqafqaz nifrəti. Bugünlərdə İrəvanda Rusiya səfirliyi önündə “Putin-faşist” qışqıran mitinqçiləri görəndə, nə gizlədim, gülməyim tutdu. Rusiyanın erməni aşiqliyi tək Qafqazdakı iflasıyla bitmədi. 4 ildir Ukraynada sonu bilinməz savaş bataqlığında batırlar.

Ermənistanın digər müttəfiqləri Qərbdə Fransa və ABŞ idi. (Lap hesab edək erməni lobbisi hesabına). Bunlar da son illər görünməmiş qarğaşa, böhranlar, toqquşmalar yaşayır, dinclik tapmır. O cümlədən Fransa Afrikanı, ABŞ Avropanı itirməkdədir.

İranın bir çox məmurları ən yüksək səviyyədə, tutuquşu kimi təkrar etməyi sevirdilər, deyirdilər Zəngəzur dəhlizini açmağa Azərbaycan və Türkiyəyə imkan verməyəcəyik, bu bizim zonadır, maraqlarımız var, Ermənistan bizim qərdeşimizdir və sairə. Xub, ağa. Ancaq, sən hələ get Tehranda generalın yataq otağını qoru, sonra hansısa dəhlizə də baxarsan. 

 

Seçilən
6
musavat.com

1Mənbələr