AZ

Milli Məclisin iclasında...

Deputatlar 12 məsələni müzakirə ediblər

İyunun 13-də Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək iclasın 15 İyun Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini xatırladıb. O bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində  xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli Liderimizin  məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunub.

Spikerin sözlərinə görə, Ulu Öndərin başladığı tarixi missiya bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəldib. Azərbaycan dinamik iqtisadi artıma nail olub, nəhəng infrastruktur layihələri həyata keçirib, ordunu möhkəmləndirib. “Bu gün Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaq. Mən təklif edirəm ki, Milli Qurtuluş Günü münasibəti ilə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar  arzulayaq”,-deyən S.Qafarovanın bu təklifi deputatlar tərəfindən alqışlanıb.

Spiker, həmçinin Milli Məclisin nümayəndə heyətinin 11-12 iyunda Qazaxıstanın paytaxtı Astana şəhərinə işgüzar səfəri barədə məlumat verib. Bildirilib ki, səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura iclasında və 14-cü plenar iclasında iştirak etmək idi. O, Qazaxıstan səfərinin  uğurlu olduğunu söyləyib.

Qeyd edək ki, parlamentin iclasının gündəliyinə 12 məsələ daxil edilib. İlk olaraq  “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”i təsdiq edilib.

Sonra Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə Cinayət Məcəlləsinə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halının da əlavə edilməsi təklif edilir. Sənəddə Cinayət-Prosessual Məcəlləsi üzrə istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif olunur. Eyni zamanda, son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyini təmin etmək məqsədilə müvafiq dəyişikliklər də nəzərdə tutulur. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (üçüncü oxunuş) baxılıb. Layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Sənəddə bir sıra cinayətlərin sanksiyalarında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla, həmin əməllərə görə sanksiyanın sərtləşdirilməsi təklif edilir.

İclasda, həmçinin Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş)  qanun layihəsi müzakirə edilib. Layihədə nəzərdə tutulan əsas dəyişiklik tibb mütəxəssislərinə sertifikasiya şəhadətnaməsini əldə etmək üçün 5 ildən bir sertifikasiya imtahanında iştirak etməklə yanaşı, elmi, pedaqoji və digər tədris fəaliyyətini ehtiva edən yeni - davamlı peşəkar inkişaf (DPİ) konsepsiyasının tətbiqi nəticəsində müvafiq kredit balları toplayaraq, sözügedən imtahandan azad olmaq hüququnu müəyyən edir. Digər dəyişiklikdə isə sertifikasiya imtahanından keçməyən tibb işçilərinin təkrar bu imtahandan keçənə qədər 6 ay müddətində vəzifə maaşının saxlanılması müəyyən edilir.

Qeyd edilib ki, sənədin qəbulu ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının səviyyəsinin artırılmasını təmin edəcək, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər. Sonda spiker S.Qafarova növbəti iclasın iyunun 21-də keçiriləcəyini diqqətə çatdırıb.

Nardar BAYRAMLI

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr