Rusiya hələ də vasitəçiliyə ümidlidir - ekspertlər Kremlin əsas hədəflərini açıqladı
“Moskva Cənubi Qafqazda sülhü dəstəkləyir və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır”. Baku TV xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
Diplomat ardınca bildirib: “Rusiya üçün Cənubi Qafqazda sülhün olması çox vacibdir. İlham Əliyevin müdrikliyi və onun Vladimir Putinlə münasibətləri sayəsində indi bu sülh bərpa olunub”.
Səfirin sözlərinə görə, Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə əldə edilmiş razılaşmanı alqışlayır və ölkələr arasında normallaşma prosesinin davam etdirilməsində maraqlıdır. Yevdokimov qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının inkişafı və sərhədlərin delimitasiyasının davam etdirilməsi üçün bütün səyləri icra etməyə hazırdır.
O vurğulayıb ki, Bakı və Moskva arasında münasibətlər aktiv inkişaf edir və iki ölkə prezidentinin ötən il 4 dəfə görüşməsi bunu isbatlayır. Putin Azərbaycana dövlət səfəri edib, baş nazirlər 3 görüş keçirib, Şahin Mustafayev və Aleksey Overçukun timsalında baş nazir müavinlərinin təmasları olub.
Diplomat əlavə edib ki, Rusiya və Azərbaycanın müttəfiqlik münasibətlərinin inkişafı üçün böyük potensialı var. O, növbəti dəfə vasitəçilik missiyasını yada salıb. Rusiya XİN sözçüsü Mariya Zaxarova və digər rəsmilər də vaxtaşırı dilə gətirirlər ki, Moskva danışıqlarda moderator olmağa hazırdır. Lakin heç bir tərəf Rusiyanın bu təşəbbüslərini dəstəkləmir. Çünki ikitərəfli modeldə danışıqlar davam edir.
Yeri gəlmişkən, yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olacağı ilə bağlı məlumat yayılmışdı. “Hraparak” nəşrinin iddiasında bildirilirdi ki, Ermənistan tezliklə öz ərazisinin təxminən 180 kvadrat kilometrini Azərbaycana verəcək və bunun müqabilində cəmi 25 kvadrat kilometr ərazini alacaq. Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev arasında sərhədlərin delimitasiyası məsələləri ilə bağlı danışıqlar aparılıb. Tərəflər Ermənistan-Azərbaycan sərhədinin yeni keçidi ilə bağlı razılığa gəliblər.
Əgər bu səviyyədə təmaslar və razılaşmalar varsa, Rusiyanın iştirakına nə hacət?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqaz dövlətləri bir-biri ilə ikitərəfli müstəvidə müxtəlif əlaqələrə, əməkdaşlıq münasibətlərinə malikdir: “Bu nöqteyi-nəzərdən Azərbaycanın Rusiya ilə ayrıca ikitərəfli münasibətlər gündəmi var, Ermənistanla ayrıca təmasları mövcuddur. Eyni zamanda, Rusiyanın Ermənistanla ayrıca təmasları var, İranın Rusiya ilə, İranın Ermənistanla başqa cür əlaqələri mövcuddur. Amma bəzi məsələlər var ki, bu məsələlər ikitərəfli müstəvidə yox, ən azı üçtərəfli müstəvidə, məsələn, Rusiya-Azərbaycan-Ermənistan münasibətləri müstəvisində nəzərdən keçirilməli məsələlərdir. Bu baxımdan ən maraqlı proseslər Azərbaycan, Rusiya və Ermənistan üçbucağında cərəyan edir. Bu üçbucağın çevrəsində aktual məsələlərin demək olar ki, hamısı bu gün Rusiyanın iştirakı olmadan, yaxud ən zəif iştirakı şərti ilə gedir. Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoq bu və digər templə davam edir. Demək olar ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsindən başqa bütün digər məsələlərdə Rusiyanın iştirakı yoxdur. Sərhədlərin delimitasiyası ilə bağlı proses Azərbaycan-Ermənistan ikitərəfli formatında gedir. Sülh sazişinin mətninin razılaşdırılması üzrə proses Azərbaycan-Ermənistan ikitərəfli formatında aparılır. Humanitar məsələlərlə bağlı, yəni əsirlərin, meyitlərin dəyişdirilməsi ilə bağlı danışıqlar da Azərbaycan-Ermənistan ikitərəfli müstəvisində gedib”.
A.Quliyev hesab edir ki, belə şəraitdə Rusiyanın Azərbaycan-Ermənistan ikitərəfli formatına müdaxilə cəhdləri əslində başa düşüləndir: “O mənada ki, Rusiya mövqelərini itirmək istəmir. Rusiya yaxşı başa düşür ki, əgər sərhədlər Rusiyasız delimitasiya olunarsa, sülh sazişi də Rusiyasız imzalanarsa bu Cənubi Qafqaz bölgəsində Rusiyanın mövcudluğunun 80-90 faiz sıxışdırılıb çıxarılması və məhdudlaşdırılması demək olacaq. Ona görə də Rusiyanın Azərbaycana və Ermənistana gələn bütün səviyyələrdə dövlət məmurları bu mövzuya vurğu edirlər ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, sülh sazişinin imzalanmasında öz potensialını ortaya qoymağa hazırdır”.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri çoxaldıqca ayrı-ayrı geosiyasi aktorlar burada öz maraqlarını təmin etməyə çalışırlar: “Sanki bir vasitəçilik yarışı özünü göstərir. Vətən müharibəsindən sonra vasitəçilik uğrunda gərgin mübarizə gedirdi və sonda gördük ki, yaranan müxtəlif danışıqlar formatları özünü doğrultmadı. Yekun nəticə əldə etmək mümkün olmadı və sülh müqaviləsinin imzalanması məsələsi bu gün də açıq qalmaqdadır. Eyni zamanda, Bakı ilə İrəvan arasında birbaşa dialoqun, təmasların olması yaxşı nəticələr verdi. Bugünkü durumda istər İranın, istər Avropa İttifaqının, istərsə də Rusiyanın vasitəçiliklə bağlı olan çağırışları aktual deyil. Rusiya çox çalışır ki, burada öz mediatorluq funksiyalarını yerinə yetirsin. Lakin bu məsələlər düşünürəm ki, artıq keçmişdə qalıb. Bu gün birbaşa dialoqun nəticələri daha çox maraq doğurur”.
Ekspertin sözlərinə görə, həmçinin Bakıda və İrəvanda yaxşı anlayırlar ki, hər bir vasitəçi öz maraqlarını regiona sırımağa çalışır: “Azərbaycan və Ermənistan bu regionun dövlətləri kimi öz gələcəklərini özləri müəyyən edə bilərlər. Bu xüsusda heç bir vasitəçiyə ehtiyac hiss olunmur. Ona görə də Rusiya bu çağırışları etmək əvəzinə sadəcə olaraq Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi prosesinə mane olmamalıdır. Bu, Rusiyanın sülhə ən yaxşı töhfəsi olar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”