İspan futbolunun unudulmaz qapıçılarından olan İker Kasilyas sabiq klubu “Portu” klubunu məhkəməyə verib.
Operativ Media xəbər verir ki, Kasilyas 2019-cu ilin may ayında komandanın məşqi zamanı infarkt keçirib. Bu hadisədən sonra təcrübəli qapıçının futbol karyerası başa çatıb.
“Publico” nəşrinin yaydığı məlumata görə, Kasilyas bu hadisəyə görə 3,7 milyon avro məbləğində əmək qabiliyyətini itirmə ödənişi tələb edir.
Klub Kasilyasın yaşadığı sağlamlıq probleminin həmin gün göstərdiyi fiziki idmanla əlaqəli olmadığını düşünür. Əksini iddia edən və kompensasiya tələb edən Kasilyas isə hüquqi mübarizə aparır. İspan qolkiper bu mübarizəni 2021-ci ilin oktyabrından bəri davam etdirir. Müdafiə tərəfi futbolçunun əmlakının ona ömürlük firavan həyat təmin edə biləcəyini əsas gətirsə də, Kasilyas karyerasının infarkt səbəbindən sona çatdığını vurğulayır.