AZ

İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı

İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumatda Hörmüz boğazından heç bir gəminin növbəti xəbərdarlığa qədər keçməsinə icazə verilmir deyilir.

Hörmüz boğazı qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) nəqlinin ürəyi hesab olunur və onun bağlanması bazarlar üçün ən böyük kabus kimi qiymətləndirilir.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki vətəndaşların ümumi itkilərinin 78 olduğu açıqlanıb.

İlkin məlumatlara görə, İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 3 nəfər ölüb, 91 nəfər yaralanıb. İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vuran İran İslam Respublikası Ordusu rəsmi sosial media hesabında Hörmüz boğazını növbəti xəbərdarlığa qədər bağladığını bildirib.

Bəyanatda deyilir: "Hər bir gəminin Hörmüz boğazından növbəti xəbərdarlığa qədər keçməsinə icazə verilmir".

İranın bu addımı ilə İsrail və İranın qarşılıqlı hücumlarından sonra 7 faiz artan neft qiymətlərinin daha da artacağı gözlənilir. Fars körfəzinin ağzında dar su yolu olan Hörmüz boğazı Yaxın Şərqdəki neft və LNG istehsalını Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına birləşdirir.

Hörmüz boğazı qlobal neft ticarətinin təxminən üçdə birinin keçdiyi kritik dəniz yolu kimi seçilir. Yaxın Şərqdəki neft istehsalçıları tərəfindən verilən 17-20 milyon barrel xam neft və kondensat Hörmüz boğazı vasitəsilə qlobal bazarlara göndərilir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neftin həcminin təxminən 70 faizi bu yolla Asiyaya çatır. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Sinqapur, Tailand, Pakistan və Filippin Hörmüz boğazında neft tədarükünün əsas alıcıları sırasındadır.

Qətər və Birləşmiş Ərəb Əmirliklərinin demək olar ki, bütün LNG gəmiləri də qlobal LNG ticarətinin 20 faizinin təmin edildiyi bu nöqtədən beynəlxalq bazarlara çıxır.

Avropa Hörmüz boğazı vasitəsilə təmin edilən LNG tədarükünün əsas alıcıları sırasındadır.

Seçilən
39
cebheinfo.az

1Mənbələr