Hindistanın qərbində Air India aviaşirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin qəza yerində 270 nəfərin meyiti aşkarlanıb.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verir.
Aviaqəzanın səbəbləri ilə bağlı qeyd olunur ki, hazırda heç bir rəsmi nəticə açıqlanmayıb. Lakin araşdırmanın gedişatı ilə tanış olan mənbənin sözlərinə görə, ən azı üç mümkün səbəb nəzərdən keçirilir.
Müstəntiqlər mühərrikin dartı qüvvəsi ilə - yəni mühərrikin təyyarəni havada irəli aparmağa imkan verən qüvvə ilə bağlı problemlərin olub-olmadığını araşdırırlar. Həmçinin qanadcıqların işində mümkün nasazlıqlar da öyrənilir. Araşdırmada antiterror bölmələri də iştirak edir.
Bundan əlavə, qalxışdan sonra şassinin niyə bu qədər uzun müddət açıq qaldığı yoxlanılır. Mühərrikə quş düşməsi versiyası bu araşdırmada prioritet deyil.
Mənbə əlavə edib ki, müstəntiqlər həmçinin "Air India" aviaşirkəti tərəfindən mümkün səhvləri, o cümlədən texniki xidmətlə bağlı mümkün problemləri də nəzərdən keçirirlər.
Məlumat verildiyi kimi, Londona AI171 reysi ilə uçan Boeing 787 təyyarəsi qalxışdan dərhal sonra yaşayış rayonuna düşüb. Onun göyərtəsində 242 nəfər - 230 sərnişin və 12 ekipaj üzvü olub. Qəza nəticəsində yalnız bir nəfər sağ qalıb, göyərtədə olan digər sərnişinlər, ekipaj üzvləri, bort bələdçiləri həlak olublar. Bundan əlavə, təyyarə tələbə yataqxanasının damına düşdüyü üçün yerdə də həlak olanlar var - ümumilikdə 310 nəfər.