AZ

Tariximizi şərəfləndirən missiya



Hər bir xalqın tarixində öz müqəddəratını həll etdiyi bir gün var. 15 İyun Milli Qurtuluş Günü də məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi bir gündür. 15 iyun tarixi sadəcə bir təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu günün özəlliyi birbaşa əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1993-cü ildə məşhur tarixi qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünəqayıdışına çevrildi, bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoydu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Bununla Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini dünya xəritəsində silinmək təhlükəsindən xilas edən Ümummilli Lider qayıdışı ilə problemlər məngənəsində sıxılan Azərbaycanı regionun liderinə çevirdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyində həlledici dönüş oldu. Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünəinamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Azərbaycan yalnız Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Azərbaycan beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşdu, dünya dövlətləri arasında özünə layiqli yer qazandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivil və hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Məhz Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan qısa vaxtda təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.

Dövlət müstəqilliyi qorunub saxlandı, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.

Heydər Əliyev erası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını təmin etdi.

Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində ölkənin neft strategiyası işlənib hazırlandı. 20 sentyabr 1994-cü il Heydər Əliyev iradəsinin gücü ilə Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin gün möhtəşəm "Gülüstan" sarayında "Əsrin müqaviləsi" imzalandı.

Ümumilikdə yeni neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə daha genişmiqyaslı formatda davam etdirildi. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, sabitlik və əmin-amanlıq yarandı. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır..."

Artıq o vaxtdan 32 il ötür. Aradan keçən bu illər yalnız sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də bu dövrdə Azərbaycanın gələcək inkişafının etibarlı bünövrəsinin təməli qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Bütün bunlar, eyni zamanda Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar öz başlanğıcını milli qurtuluşdan götürdü.

Ulu Öndər Heydər Əliyevin qayıdışını zərurət kimi irəli sürən obyektiv tarix, eyni məntiqlə də dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətin davamının yeni tarixin yeni zərurətinə çevirmək hökmünü verdi. Bu zəruri siyasəti yaşadan, yüksəldən, zənginləşdirən və dünyaya təqdim edən isə Ulu Öndərin siyasi varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Bu siyasət cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir dövlətçilik ideyasının, bir ideoloji kursun, vahid məramın, böyük Heydər Əliyev yolunun ayrılmaz tərənnümçüləri, yekdil mövqenin ifadəçiləridirlər. Dövlət başçısı və Birinci vitse-prezident vahid tam olaraq Azərbaycana xidmət edirlər və Azərbaycan xalqı da onları vahid tam kimi ən qüdrətli şəxsiyyətləri, ən böyük xeyirxahları, ən doğma dostları kimi tanıyır. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Mehriban xanım Əliyeva öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth etmişdir.

Azərbaycan Ulu Öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan respublikamız dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir.

Ulu Öndər Heydər Əliyev müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Asif ƏSGƏROV,
Milli Məclisin deputatı




Seçilən
5
aia.az

1Mənbələr