Kərə yağının qiymətində son dövrlərdə müşahidə olunan kəskin artım geniş müzakirələrə səbəb olub. 2025-ci ilin ilk dörd ayında Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, sözügedən dövrdə Azərbaycana 65 milyon 474 min ABŞ dolları dəyərində 9 min 323.5 ton kərə yağı idxal edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 24.5 milyon ABŞ dolları, həcm baxımından isə 1 387 ton artıb.
Bu il yanvar-aprel aylarında idxal edilən kərə yağının bir kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11.9 manata bərabər olub. Bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 23.59 manat, yerli kərə yağının orta satış qiyməti 20.90 manat təşkil edib.
Maraqlıdır, qiymət artımının səbəbləri nələrdir və gələcəkdə bu artımın davam edəcəyi proqnozlaşdırılırmı?
İdxaldan asılılıq
İqtisadçı-ekspert Pərviz Heydərov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qiymət artımının əsas səbəbi idxaldan asılılıq və kərə yağına olan tələbatdır: “Statistika göstərir ki, son illərdə Azərbaycana ərzaq məhsullarının, o cümlədən kərə yağının idxalı əhəmiyyətli dərəcədə artıb. Bu asılılıq daha da güclənməkdədir. Nəticədə, idxalçı ölkələrdə qiymət dəyişiklikləri Azərbaycanın daxili bazarında da eyni şəkildə əks olunur və bu, qiymət artımının əsas səbəblərindən biri hesab edilir”.
Həm ət, həm də süd məhsulları
Mütəxəssis bildirir ki, kərə yağı ilə bağlı idxaldan asılı olmağımızın səbəbi ölkədə heyvandarlıq sahəsindəki geriləmə ilə bağlıdır: “Azərbaycanda süd istehsalının yetərli olmaması kərə yağının qiymətinin artmasına birbaşa təsir göstərir. Bu vəziyyətin qarşısını almaq və qiymət artımını azaltmaq üçün ölkədə süd istehsalının artırılması və yerli istehsala dəstək verilməsi vacibdir. Yalnız belə olan halda kərə yağı və digər süd məhsullarının qiymətinin stabil qalması təmin oluna bilər. Son illərdə bu sahədə davam edən problemlər, xüsusilə mal-qara sayının azalması və yem bazasının zəifləməsi süd istehsalına mənfi təsir göstərir. Əvvəllər ət məhsulları ilə özünü yüksək səviyyədə təmin edən Azərbaycan, hazırda bu göstəricidə də ciddi geriləmə yaşayır. Bu, heyvandarlıq sektorunun əvvəlki gücünü itirdiyini göstərir. Pambıqçılığın inkişafı məqsədilə həyata keçirilən siyasət də heyvandarlığa zərbə vurub. Örüş sahələrinin azalması, torpaq qiymətlərinin artması və fərdi təsərrüfatların fəaliyyət göstərməsi üçün şəraitin çətinləşməsi süd istehsalını azaldan əsas amillərdəndir. Nəticədə həm ət, həm də süd məhsullarında idxaldan asılılıq artır, qiymətlər yüksəlir. Bu vəziyyətin dəyişməsi üçün heyvandarlığa dəstək verən sistemli və dayanıqlı islahatlara ehtiyac var”.

“Əgər bu sahədə inkişaf təmin edilməsə...”
P. Heydərov deyir ki, daxili bazarın indiki vəziyyətində tənzimləmələr effektiv ola bilməz: “Əgər bazar bir məhsulla bağlı idxaldan asılıdırsa, həmin məhsul ərzaq bazarında əsas tələbat yaradırsa, bu halda yumşaq gömrük rüsumu siyasətinin tətbiqi qaçılmazdır. Əks halda həmin məhsul daha da baha olacaq ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, xüsusilə kərə yağının yerli istehsalında da artıma nail olmaq vacibdir. Əgər bu sahədə inkişaf təmin edilməsə, gələcəkdə qiymət artımının davam etməsi qaçılmaz olacaq”.