İran İsrailə qarşı zərbələri davam etdirməyi planlaşdırır. Rəsmi Tehran eyni zamanda Yaxın Şərqdəki ABŞ bazalarına da hücum etmək niyyətindədir. Bu barədə Fars agentliyi hərbi komandanlığın planları ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, sionist rejimin (İran İsraili belə adlandırır – red.) təcavüzü ilə başlayan silahlı münaqişə İsrail dövlətinin və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının işğal etdiyi bütün ərazilərə yayılacaq.
"Təcavüzkarlar İrandan qəti və genişmiqyaslı cavab alacaqlar", - mənbə vurğulayıb.
Agentlik qeyd edib ki, bu münaqişə ötən gecə atılan cavab addımları ilə bitməyəcək və İsrail ərazisinə zərbələr davam edəcək.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.
Tural