Komitə sədri, əvvəlcə, gündəliyin birinci məsələsi - Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verərək bildirib ki, sənəd Gömrük Məcəlləsinin təkmiləşdirilməsi ilə yanaşı, gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsini və bu sahədə daha çevik və effektiv fəaliyyətin təmin olunmasını nəzərdə tutur.
İclasda iştirak edən Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Tural Həsənli Məcəllənin müvafiq maddəsinə - Gömrük borcunun ödənilməsi qaydalarına təklif olunan dəyişikliklərin mahiyyəti barədə məlumat verərək, onların tətbiq mexanizmi və gözlənilən təsirləri haqqında ətraflı danışıb, dəyişikliklərin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlandığını bildirib. Qeyd olunub ki, layihəyə əsasən Gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
Gündəliyin ikinci məsələsi olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, dəyişikliklərə əsasən, əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması qaydalarında dəqiqliyin təmin olunması, həmçinin mümkün hüquqi kolliziyaların həlli məqsədilə qüvvədə olan qanunun 9-cu və 15-ci maddələrinə yeni bəndlərin əlavə olunması təklif olunur. Diqqətə çatdırılıb ki, dəyişikliklər hüquqların dövlət qeydiyyatının aparılması və dövlət qeydiyyatından imtina hallarında hüquqi əsasların daha dəqiq müəyyənləşdirilməsini hədəfləyir.
Gündəliyin sonuncu məsələsi - Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında danışan komitə sədri Azər Əmiraslanov bildirib ki, sənəd bir sıra qanunlara mühüm düzəlişləri ehtiva edir.
Qanun layihəsi barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bildirib ki, layihə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş və yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin tikintisini, bu məqsədlə torpaq sahələrinin ayrılmasını, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını, şəhərsalma və tikinti prosedurlarının təkmilləşdirilməsini, eləcə də bir sıra digər hüquqi tənzimləmələri nəzərdə tutur.
Sonra qanun layihələrinin müzakirəsi aparılıb. Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, sədr müavini Azər Badamov, komitənin üzvləri Vüqar Bayramov, Əli Məsimli, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihələrlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər.
Müzakirələrin sonunda qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31