Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günündən bizi 32 illik zaman məsafəsi ayırır. Bu 32 ilin hər günü, hər həftəsi, hər ayı müasir müstəqil Azərbaycan Respublikasının tarixinə misilsiz qələbələrlə həkk olunmuşdur. Bu qələbələrlə dolu illərin uğur salnaməsində 2020-ci ilin 27 sentyabrından sonrakı dövrün xüsusi yeri var. Beş il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yazdığı şanlı Zəfər, ardından 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası 1993-cü il 15 İyun - Milli Qurtuluş Günündən başlayan yolun uğurlu nəticəsi idi. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni dövrə qədəm qoydu.
XX əsrdə Azərbaycan iki dəfə müstəqillik əldə etdi - əsrin sonunda dövlət müstəqilliyimizin ikinci dəfə bərpa edilməsindən az sonra Azərbaycanımız böyük faciələrlə, təhlükələrlə üz-üzə qaldı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratdı. Həmin dövrün iqtidarını dövlət maraqları deyil, öz şəxsi ambisiyaları düşündürürdü. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğal, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial böhran vəziyyəti daha da kritikləşdiridi.
Bu vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ümummilli Lider Heydər Əliyevdə gördü. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. O, Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyev yol göstərməklə kifayətlənmədi, çətinliklər içindən keçən o yolu özü işıqlandırdı, özü addımladı, özü inşa etdi.
1993-cü il 15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarix Azərbaycan xalqının qaranlıqdan işığa, ümidsizlikdən qurtuluşa doğru atdığı ən möhtəşəm addım oldu. Bu günün arxasında dayanan şəxs isə xalqın inam yeri, sabaha ümid işığı olan, millətin qəlbində əbədiyaşar Liderə çevrilmiş Heydər Əliyev idi. O, sadəcə qayıtmadı. O, xalqı ilə birgə tarixə yön verdi.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü ən yüksək səviyyədə təsdiq etmişdir. Onun hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir. Dahi rəhbər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bir-birindən mühüm addımlar atmışdır. Azərbaycançılıq ideologiyasının təbliği, inkişafı Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə həyata keçirilən siyasətin ana xəttini təşkil edib. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü məhz xilaskarlıq missiyası ilə xarakterizə edilir. 1969-1982-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Prezident İlham Əliyev 2023-cü ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində bu reallıqları xüsusi qeyd etdi ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də o vaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.
Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətinin bütün mərhələləri xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. 1993-cü il 15 iyun tarixində Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev ilk olaraq ölkədə sabitliyin yaradılmasına diqqət göstərdi. Bildirdi ki, sabitlik olmadan heç bir sosial-iqtisadi layihənin icrasından danışmaq mümkün deyil. Azərbaycan Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qısa müddətdə sabitlik məkanına çevrildi. 1994-cü ilin 12 may tarixində Ulu Öndərin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması Azərbaycanın bütün sahələrdə inkişafına yol açdı. Elə həmin ilin 20 sentyabr tarixində Heydər Əliyevin gərgin səyləri nəticəsində xarici ölkələrin nəhəng transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədi kimi önə çıxarıldı. Nizami ordu yaradıldı, real faktlara, tarixi həqiqətlərə söykənərək aparılan təbliğat nəticəsində erməni yalanları ifşa edildi, uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycanın müxtəlif dövlətlərlə və təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf etdirildi.
Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bunlardan biri də bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı olan, ölkədə cərəyan edən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndər Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Partiyanın yaradılmasından 7 ay sonra Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcı kimi çağdaş tariximizdə yer aldı. Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdı. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda yaratdı. YAP qısa zamanda iqtidar partiyasına çevrildi. Yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirən Yeni Azərbaycan Partiyasına bu gün də xalqın inamı və etimadı böyükdür. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. YAP-ın 2021-ci ildə keçirilən Zəfər ruhlu VII Qurultayında yeni tərkibin formalaşdırılması, yeni Nizamnamənin qəbulu, eyni zamanda, Prezident, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq həmin ilin sonuna qədər yeni Proqramın hazırlanması və qəbulu partiyanın yeni hədəfləri uğurla reallığa çevirməsini təmin edir.
Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yerini tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycan idi. Bu arzular 27 ildən sonra reallaşdı. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində müasir müstəqil, qalib, bütövləşən Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.
Aynur Sofiyeva,
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini