BAKI, 14 iyun. TELEQRAF
Azərbaycan tarixən qədim İpək Yolunun üzərində yerləşərək sivilizasiyaların qarşılıqlı əlaqəsində mühüm rol oynayıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib .
"Coğrafi mövqeyimiz isə bu əhəmiyyəti daha da artırır, ölkəmiz həm şərq ilə qərbin, həm də şimal ilə cənubun əsas nəqliyyat və ticarət yollarının kəsişdiyi strateji nöqtədə yerləşir. Lakin müstəqillik qazandıqdan sonra anladıq ki, sadəcə tarixi və coğrafi amillər bizim üçün yetərli deyil. Biz Azərbaycanın zəngin tarixi təcrübəsi və əlverişli coğrafi mövqeyindən daha səmərəli şəkildə istifadə etməli, dünya okeanına çıxışı olmayan ölkə kimi quru nəqliyyat əlaqələrimizi daha da gücləndirməliyik. Bu məqsədlə ölkəmizdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, əlaqələndirici nəqliyyat xətləri yaradılaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin qurulmasına start verilib.Beləliklə, Azərbaycan regional və beynəlxalq nəqliyyat qovşağı kimi öz mövqeyini möhkəmləndirib",- o qeyd edib.