“Zirə” daha 2 futbolçusu – dayaq yarımmüdafiəçisi Pyer Zebli və sol cinah müdafiəçisi Məqsəd İsayevlə yollarını ayırıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, İsayev və Zebli ilə başa çatmış müqavilə müddətləri uzadılmayıb. Klub hər iki oyunçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
İtaliyanın “Bastiya” və “İnter” (Milan) klublarının yetirməsi olan Pyer Zebli 2023-cü ilin iyul ayından “Zirə”də forma geyinirdi. 27 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 69 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fil Dişi Sahilindən olan Pyer Zebli karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının da şərəfini qoruyub, ölkəsinin U-20 yığmasında oynayıb.
Məqsəd İsayev də 2023-cü ilin yayından “Zirə”də çıxış edirdi. 31 yaşlı müdafiəçi bu komandanın heyətində meydana çıxdığı 64 oyunda 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Məqsəd daha öncə “Neftçi”, “Qəbələ”, “Sabah”, “Səbail” və “Keşlə”nin (indiki “Şamaxı”) də uğurları üçün çalışıb.
İsayev Azərbaycanın U-17 və U-21 yığmalarında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Zirə” bu yay “Qarabağ”dan icarəyə götürdüyü Rüstəm Əhmədzadə ilə də vidalaşdığını açıqlamışdı. Qəsəbə təmsilçisi Ağdam klubundan icarəyə götürdüyü İsmayıl İbrahimlini isə birdəfəlik heyətinə qatıb. Ruan Renato və Anar Nəzirovla da yeni müqavilə bağlamış “Zirə” Brahim Konate ilə Yeqor Boqomolskini transfer edib.