AZ

Murad Dadaşov: "Azərbaycan innovasiyalar və gəncləri sayəsində dünya inkişafına ciddi töhfə verə bilər"

Gənc nəslin innovativ düşüncəsi və istedadı sayəsində Azərbaycan dünya birliyinin inkişafına mühüm töhfə verə bilər.

“Report” xəbər verir ki, bu barədə “Xəzər Media Mərkəzi”nin rəhbəri Murad Dadaşov “Miniboss Business School Baku” şagirdləri arasında keçirilən V Milli Startap Çempionatı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun fikrincə, təhsil real nəticələr verməlidir.

“Təhsilin faydası sadəcə diplom almaq, yaxşı qiymət almaq və ya məktəbi bitirmək deyil. Əsl dəyər konkret addımlarda və cəmiyyətə töhfələrdədir. Ona görə də uşaqları məktəb yaşından hazırlamaq lazımdır. Uşaq kiçik yaşlarından başa düşməlidir ki, insanlara, cəmiyyətə, iqtisadiyyata və dövlətə faydalı olmaq həyati əhəmiyyət kəsb edir”, - M.Dadaşov qeyd edib.

O, məktəbin və bütün innovativ təhsil sisteminin əsas vəzifələrindən birinin şagirdlərin vaxtından maksimum səmərəli istifadə etmək olduğunu vurğulayıb.

“Vaxt itkisi əsas səhvlərdən biridir. Uşaqlıq - yetkinliyə hazırlıq mərhələsidir. Əvvəllər tez-tez deyərdilər ki, "o, hələ uşaqdır, pul haqqında fikirləşmək tezdir". Amma söhbət qazancdan getmir. Əsas odur ki, insan təfəkkürünü, intellektini inkişaf etdirməli olduğunu, əqli işləmək lazım gəldiyini başa düşsün.

İnsan seçilməyi, cəmiyyətə yeni nəsə təklif etməyi, özünü tapmağı bacarmalıdır. Bu, onun qarşısında geniş üfüqlər açır - istər qardaş Türkiyədə, istərsə də bütün dünyada həyata keçirilən iri iqtisadi, texnoloji və innovativ layihələr çərçivəsində”, - o bildirib.

Sonda M.Dadaşov qeyd edib ki, Azərbaycanın qabaqcıl ideyaları və gənclərinin istedadı sayəsində ölkə artıq qlobal proseslərə təsir etmək potensialına malikdir:

"Bizim dünyaya deyəcək sözümüz var. Biz onun inkişafına ciddi töhfə verə bilərik və biz bunu artıq edirik”, - deyə o, fikrini yekunlaşdırıb.

Seçilən
25
1
report.az

2Mənbələr