Ölkə üzrə ümumtəhsil məktəblərindən məzun olanların sayı açıqlanıb
İyunun 14-də respublikanın bütün ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbirləri baş tutub. Tədris ilinin başa çatması münasibətilə təşkil olunan mərasimlərdə şagirdlər, müəllimlər, valideynlər, dövlət qurumlarının nümayəndələri ştirak ediblər.
Modern.az regionlar üzrə məzun sayını araşdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində bu il 33 517 nəfər XI sinif şagirdi məzun olub.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbləri bu il IX sinif üzrə 13 612, XI sinif üzrə isə 9 522 şagird bitirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan 255 məktəbdə IX sinfi 8 413, XI sinfi 6 284 nəfər başa vurub.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin məktəblərində IX sinfi 11 758, XI sinfi isə 7 775 şagird bitirib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX sinfi 9 849, XI sinfi isə 6 503 şagird tamamlayıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX siniflərini 3755, XI siniflərini isə 2560 nəfər şagird bitirir.
Mil-Muğan Regional Təhsil İdarəsində bu il IX sinfi 7 107, XI sinfi isə 4 594 şagird bitirib. Tədris ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə ümumilikdə 7 013 nəfər məzun olub. İşğaldan azad edilmiş ərazilərdə isə bu il 58 şagird XI sinfi başa vurub.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX sinfi 9 138, XI sinfi isə 6 451 şagird bitirib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə IX sinfi 8 058, XI sinfi isə 5 800 nəfər başa vurub.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumi orta təhsil səviyyəsi üzrə 59, tam orta təhsil səviyyəsi üzrə isə 26 nəfər məzun olub.
Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəbləri üzrə isə 3992 şagird məzun olub.
Aytac Bəhruzqızı