AZ

17 iyun Səhiyyə İşçiləri Günüdür

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

17 iyun səhiyyə işçilərinin peşə bayramıdır. 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ilk qərarlarından biri 17 iyun Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq hər il dövlət səviyyəsində 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, xalqın milli şüurunun oyanmasında, milli özünüdərkində müstəsna rol oynamış, gələcəyə, ən başlıcası isə, ölkəni müstəqil idarə edə biləcək rəhbərlərinin varlığına inamını artırmışdır. İqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi.

Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi. Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoyulmuşdu. Onlardan önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi. 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq, Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində,elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. 90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə səhiyyədə qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Ümumilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Onun tərkibinə iqtisadiyyat, maliyyə, ədliyyə nazirləri, Milli Bankın, Sosial Müdafiə Fondunun, Həmkarlar İttifaqları Konfederasiyasının, Dövlət Sığorta Nəzarətinin sədrləri, digər nazirliklərin və baş idarələrin rəhbərləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçiləri və başqaları daxildir. Bunun ardınca ümumilli liderin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"nin təsdiqi, Səhiyyə Nazirliyi qanunvericilik aktlarının və dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədi ilə bir sıra normativ və metodik sənədlər işləyib hazırlanması bu sahənin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatların istiqamətlərini müəyyənləşdirmişdir. Səhiyyənin və əhalinin sağlamlığının qorunmasının yeni sisteminin qanunvericilik və hüquqi bazasının yaradılması, səhiyyə sisteminin idarə olunmasının mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş formalarının müəyyən edilməsi, tibb müəssisələri şəbəkəsinin və onların çarpayı fondunun səmərələşdirilməsi, sanitariya-epidemioloji xidmətində islahat aparılması, tibbi sığorta prinsiplərinə keçilməsi, pullu tibbi xidmətlərin inkişafı, farmasiya sistemində islahat, tibb təhsilinin islahatı, analitik informasiya xidmətində islahat və s. Bu və ya başqa sahələrin inkişafında beynəlxalq əlaqələr mühüm rol oynayır. Adətən, bu cür əlaqələr inkişaf etmiş ölkələrlə inteqrasiya olmağa imkan yaradır. Elə buna görə də, ayrı-ayrı qurum və təşkilatlarla beynəlxalq əlaqələrə diqqət verilir. 1994-cü ildən başlayaraq, Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi əlaqələr yaradılmışdır. Bu şöbə yarandığı vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət beynəlxalq humanitar təşkilatlarla fəal əməkdaşlığı üzərində qurmuşdur. Xarici əlaqələr şöbəsinin qarşısında, yuxarıda adları çəkilən təşkilatlarla, ilk öncə, ÜST-ün Avropa Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində proqramlar silsiləsini həyata keçirmək vəzifəsi dururdu. Gənc müstəqil dövlət ölkənin başlıca iqtisadi, sosial və digər xarakterli problemləri sırasında milli səhiyyənin də öncül məsələlərini həll etməli idi. Bu məsələlər Azərbaycan Respublikası hökuməti və ÜST Avropa Bürosu kooperasiyasının fəaliyyətini qaydaya salan sənədlərdə öz əksini tapmışdır. Orta müddətli Proqram və ya, Medium Text Proqram (MTP) adlanan bu əsas sənədin tərtib edilməsində, onun bütün hökumət və beynəlxalq səviyyələrdə rəsmiləşdirilməsində, irəlilədilməsində, eləcə də, imzalanma üsulunda xarici əlaqələr şöbəsi olduqca fəal iştirak etmiş və etməkdədir. MTR-in ölkədə tətbiqi şöbənin gündəlik fəaliyyətində önəmli yer tutur. Bunun üçün həyata keçirilən hər bir proqram üzrə Ümumdünya Səhiyyə Təşkilatının ştatdankənar əlaqələndiricilər institutu fəaliyyət göstərir. Proqramlar çərçivəsində hər bir layihənin fəaliyyəti, yəni milli mütəxəssislər üçün ölkədə keçirilən tədbirlər, beynəlxalq seminar və konfranslarda iştirak və s. şöbə tərəfindən əlaqələndirilir. Səhiyyənin daha bir öncül və şöbənin gündəlik gərgin iş obyekti olan sahəsini də qeyd etmək lazımdır. Bildiyimiz kimi, vərəm DOT proqramının həyata keçirilməsinə 1995-ci ildən başlanmışdır. Bununla əlaqədar olaraq vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə Ümumdünya Səhiyyə Təşkilatının proqramı Azərbaycanın üç bölməsində-Bakıda, Lənkəranda və Xaçmazda uğurla həyata keçirilmişdir. Layihənin müvəffəqiyyətlə həyata keçirilməsindən öncə, Səhiyyə Nazirliyinin beynəlxalq şöbəsi profilli tibb müəssisələrinin mütəxəssis və rəhbərliyi ilə çox gərgin və diqqətəlayiq ftiziopulmonoloji iş görmüşdür. Xatırladaq ki, malyariya proqramı sahəsində uğurlu addımlar atılmışdır. Onu da qeyd edək ki, 1996-cı ilin göstəriciləri ilə müqayisədə malyariya ilə bağlı vəziyyətin xeyli yaxşılaşması yalnız Ümumdünya Səhiyyə Təşkilatı proqramının təchizinə başlamış Səhiyyə Nazirliyinin böyük səyləri nəticəsində mümkün olmuşdur. Xarici əlaqələr şöbəsi beynəlxalq və donor təşkilatlar, hər şeydən öncə, UNİCEF, Sərhədsiz Həkimlər (Belçika), Qızıl Xaç Federasiyası və İtaliyanın AGIP neft şirkəti ilə əlaqədar çərçivəsində bütün imkan və ehtiyatları malyariya ilə mübarizəyə səfərbər etmişdir. Səhiyyə Nazirliyinin, onun beynəlxalq əlaqələr şöbəsinin ÜST ilə sıx əməkdaşlığı poliomielit ilə xəstələnməni nəzarət altına almağa imkan vermiş və artıq bu gün ÜST Azərbaycanı poliomielitdən azad bölgə elan etmişdir. Vaksinlə aşılama və immunitet yaratma məsələsi də müasir səhiyyənin vacib problemlərindəndir.

Hesabat və qeydiyyat sisteminin təkmilləşdirilməsi, xəstəliklərin beynəlxalq təsnifatının Azərbaycan dilinə tərcümə olunması, informasiya sistemi üzrə tibb işçilərinin biliklərinin artırılması məqsədilə rayonlarda genişmiqyaslı treninqlərin keçirilməsi son illərdə görülmüş işlərin yalnız bir hissəsidir. Xatırladaq ki, müstəqil Azərbaycan dirçəldikcə, ölkələrarası sərhədlərdə şəffaflıq yarandıqca Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələri də get-gedə genişlənir. XXI əsrdə belə əlaqələr daha qlobal xarakter alıb. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində səhiyyə işçiləri peşə bayramlarını qeyd edirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
sesqazeti.az

1Mənbələr