AZ

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

Vatikan, 14 iyun, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo İsrail və İran arasındakı mövcud gərginliklə bağlı narahatlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, Papa Leo tərəfləri məsuliyyətlə və təmkinlə hərəkət etməyə çağırıb.

O, Yaxın Şərqdəki böhrana və son hadisələrə toxunaraq deyib: “Son günlər çox narahatedici xəbərlər gəlir. İranda və İsraildə vəziyyət ciddi şəkildə pisləşib. Belə bir həssas məqamda mən məsuliyyət və təmkinli olmaqla bağlı çağırışımı yeniləmək istəyirəm. Nüvə təhlükəsindən azad, daha təhlükəsiz bir dünya qurmaq öhdəliyi, ədalət, qardaşlıq və ümumi yaxşılığa əsaslanan sülhün qurulması üçün müzakirələr və səmimi dialoqlara nail olmaq lazımdır. Sülhü dəstəkləmək, uzlaşma yolları tapmaq, hamı üçün təhlükəsizlik və ləyaqəti təmin edən həll yollarını təşviq etmək bütün ölkələrin vəzifəsidir”.

Roma Papası bütün ölkələri divarlar inşa etmək əvəzinə körpülər tikməyə və sülhə dəstək verməyə çağırıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
17
1
azertag.az

2Mənbələr