Bu gün Azərbaycanda bütün orta məktəblərdə olduğu kimi, Yasamal rayonu 53 saylı tam orta məktəbdə də XI sinif məzunları üçün möhtəşəm “Son zəng” tədbiri keçirildi.
Bayram abu-havasında keçən tədbirdə məzunlar, müəllimlər, valideynlər və qonaqlar iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
53 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova tədbiri açaraq məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı. Daha sonra Milli Məclisin deputatı, professor Anar İsgəndərov çıxış edərək məzunlara xoş arzularını çatdırdı.
Rəsmi hissədən sonra 11-ci sinif şagirdlərinin hazırladığı konsert proqramı qonaqlara təqdim edildi. Məzunlar öz istedadlarını nümayiş etdirərək tədbirə xüsusi rəng qatdılar. Bu “Son zəng” məzunların həyatında yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, illər boyu qazanılmış dostluqların və xatirələrin yaddaşlarda yaşaması üçün də bir fürsət oldu.