Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif İsrailin İrana hücumundan sonra müsəlman ölkələrini birləşməyə çağırıb.
Musavat.com xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı bildirib.
"İsrail İran, Yəmən və Fələstini hədəf aldı. Müsəlman ölkələri indi birləşməsə, hər biri eyni aqibəti yaşayacaq" - deyə, nazir xəbərdarlıq edib.
Xavaca Məhəmməd Asif İsraillə diplomatik əlaqələri olan müsəlman ölkələrini dərhal bu bağları kəsməyə çağıraraq, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar iclas keçirməli və ortaq strategiya hazırlamalı olduğunu vurğulayıb.
Pakistanın İranla dərin əlaqələri olduğunu bildirən nazir: “Biz İranın yanındayıq və hər bir beynəlxalq platformada onun maraqlarını dəstəkləyəcəyik”, - deyib.
Xatırladaq ki, iyunun 13-də İsrailin İranın nüvə obyektlərinə və yüksək rütbəli hərbi komandirlərə hücumları regionda gərginliyi artırıb. Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub.
Ümumilikdə 78 mülki şəxsin öldüyü, yüzlərlə insanın yaralandığı bildirilir. İranın İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində isə 3 nəfər ölüb, 172 nəfər yaralanıb.
Musavat.com
