Bakı, 14 iyun, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin son illər çap olunmuş dörd kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vaqif Bayatlı Odərin yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.
Gecədə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının sədri Fərid Hüseyn qeyd edib ki, sərhədsiz könüllər Vaqif Bayatlı Odər yaradıcılığının dəyişməz ünvanı olub: “Onun poeziyası oxucunun ruhuna yol tapır, insanın iç dünyasına işıq salır. Vaqif Bayatlı Odərin son dörd ildə dörd kitabı ərsəyə gəlib. Bu kitablar sıfırdan yaranmayıb. Şairin illər boyu poetik duyuma verdiyi dəyərin, diqqətin nəticəsidir. O, bu əsərləri bir yerə toplamaq məqsədilə deyil, hiss edib yazdığı üçün yaratmışdı. Biz isə onun bu dəyərli poeziyasını bir yerə toplayaraq oxucuya təqdim etdik”.
AYB-nin sədri, Xalq yazıçısı Anar Vaqif Bayatlı Odərin yaradıcılığını yüksək qiymətləndirdiyini söyləyib. “Mənim təsəvvürümdə o, hələ Vaqif Cəbrayılzadə imzası ilə yazdığı şeirlərlə qalıb. Onun poetik dünyası duyğulu və dərin mənası ilə zəngindir. Ulduzlar, uşaqlar və dünyanın saflığı barədə yazdığı lirik şeirlərlə yanaşı, cəmiyyətin ağrı-acılarını əks etdirən sərt ictimai mövzulu şeirləri də var. Bu, onun poetik diapazonunun genişliyindən xəbər verir”,- deyə Azərbaycan Yazıçılar Birliyinin sədri əlavə edib.
Xalq yazıçısı Kamal Abdulla Vaqif Bayat Odərlə onu 45 illik bir dostluğun bağladığını deyib: “Biz ötən əsrin 80-ci illərdən tanışıq. O dövrdən bu günə qədər onu müşahidə edirəm və inamla deyə bilərəm ki, Vaqif şeirlərini gah qışqıraraq, gah da pıçıldayaraq söyləyir. O, son dərəcə geniş ürəyə, həssas ruh halına sahib biridir. Məncə, Vaqif metafizik bir şairdir. Onun heç bir şeirində iki üstəgəl iki bərabərdir dörd olmur, nəticə, həmişə fərqli olur. Onun yaratdığı poetik obrazlar Azərbaycanın ədəbiyyatında unudulmaz, dərin fəlsəfi qatlara malikdir”.
Digər çıxışçılar da Vaqif Bayatlı Odərin yaradıcılığına nəzər salaraq, onun poeziyasının qəlbimizdəki dərin izlərindən, mənəviyyat və fəlsəfə dolu düşüncələrdən yoğrulduğunu vurğulayıblar.
Daha sonra şairin həyat və yaradıcılığına həsr olunan “Ölənədək sevmək azdır” adlı konsert proqramı nümayiş olunub. Konsertdə şairin poetik dünyasına həsr olunmuş musiqi nömrələri və şeirləri səsləndirilib.
Tədbirin sonunda qonaqlara Vaqif Bayatlı Odərin ədəbi irsini əks etdirən “Türkün şərəfli oğlu”, “Göyüzünə yazılanlar”, “Göyüzüylə söhbətlər” və “Vaqif Bayatlı Odər- Biblioqrafiya” adlı kitabları təqdim olunub.