AZ

Ronni Stam narkotik qaçaqmalçılığında ittiham edildi

Niderlandlı keçmiş sağ cinah müdafiəçisi, 40 yaşlı Ronni Stam və onun qardaşı Ruddi narkotik qaçaqmalçılığı ittihamı ilə üzləşiblər.

Arena.az bu barədə “Omroep Brabant” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Stam iki tondan artıq kokainin qaçaq yolla keçirilməsində ittiham edilir. Müvafiq ittiham üzrə Stam 13 illik müddətə dəmir barmaqlıqlar arxasına göndərilə bilər.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hazırda Ronni və onun qardaşı Ruddinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) gizləndiyi haqda məlumat var. Hər iki qardaşın beynəlxalq narkoticarətdə iştirak etdiyi vurğulanır.

Ronni Stam “Breda” və “Feyenoord”un futbol akademiyalarında yetişib. Əsasən “Breda”da çıxışı ilə diqqət çəkmiş Stam sonralar “Tvente”, “Uiqan Atletik” və “Standard”da oynayıb, 2016-cı ildə isə doğma klubu “Breda”da böyük futbolla vidalaşıb.

Stam Niderland yığmasına dəvət alsa da, “zanbaqlar” üçün çıxış etmək ona müyəssər olmayıb.

Ronni Stam “Tvente” ilə Niderland çempionluğunu (2009/2010) və “Uiqan Atletik”lə İngiltərə Kubokunu (2013) qazanıb.

Seçilən
48
arena.az

1Mənbələr