AZ

"Rusiya Ukraynadan sonra bu NATO ölkəsinə hücum edə bilər" - "The Economist"

"Rus azlığı, tarixi iddialar və coğrafi zəiflik bu ölkə üçün üçqat təhdiddir..."
 
Estoniya Moskva üçün həm ideoloji və tarixi baxımdan "uyğun hədəf", həm də coğrafi zəiflikləri və daxili rus azlığı ilə növbəti Rusiya təcavüzünün başlanğıc nöqtəsinə çevrilə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "economist.com" nəşri yazıb.
 
Nəşrin fikrincə, Rusiya bu Baltikyanı dövləti gələcək hərbi müdaxilənin əsas hədəfinə çevirə bilər və artıq bunun üçün ideoloji və informasiya zəmini formalaşdırmağa başlayıb.
 
Tarixi iddialar və strateji zəiflik
 
Estoniya ərazi baxımından Baltikyanı ölkələrin ən kiçiyidir və yalnız 1,4 milyon əhalisi var. Onun ərazisi təpəsiz, əsasən düzənlikdir və Rusiya ilə sərhəddən Baltik dənizinədək olan məsafə təxminən 300 kilometrdir, bu da ölkəni istənilən hücum qarşısında strateji dərinlikdən məhrum edir.
 
Estoniya təxminən 200 il boyunca Rusiya imperiyası və daha sonra Sovet İttifaqının tərkibində olub. Kreml hazırda bu keçmişi "bərpa etməyə" çalışır. Xüsusilə Narva şəhəri, demək olar ki, yalnız rus əsilli əhali ilə məskunlaşıb və Rusiya sərhədi ilə birbaşa təmasdadır.
 
Rus azlığı və Kremlin informasiya oyunları
 
1950-1980-ci illərdə Sovet rəhbərliyi Estoniyaya yüz minlərlə rus köçürüb. Bu gün ruslar ölkə əhalisinin təxminən 20 faizini təşkil edir. "The Economist"in yazdığına görə, bu azlığın bir hissəsi SSRİ-ni "itirilmiş vətən" kimi qəbul edir və onun işğalçı rejim olduğunu qəbul etmir. Rusiya isə həmin nostalji duyğulardan istifadə etməyə çalışır.
 
Məsələn, hər il 9 may - Qələbə günü münasibətilə Rusiya Narva çayı boyunca sərhəddə böyük ekran və səsgücləndiricilər quraşdırır, Moskvadakı hərbi paradı nümayiş etdirir. Narvanın rus əhalisi isə çayın Estoniya tərəfində toplaşıb bu paradda iştirak etməyə can atır.
 
Nəşr qeyd edir ki, bu əhali arasında bəziləri Rusiya ilə emosional bağ saxlayır, bəziləri Estoniya millətçiliyindən narazıdır, digərləri isə açıq şəkildə Putini dəstəkləyir və ya sadəcə keçmiş SSRİ dövrünə bənzər yaxın ittifaqın yenidən qurulmasını arzulayır.
 
Hibrid təhdidlər və gizli hücumlar
 
"The Economist" yazır ki, son illərdə Rusiya Estoniyada sabitliyi pozmaq üçün kiberhücumlar, təxribat, agent şəbəkələri və sosial şəbəkələrdə trol ordularından istifadə edir. Bu, Kremlin açıq müharibədən öncə tətbiq etdiyi klassik "hibrid müharibəsi" taktikasının tərkib hissəsidir.
 
Ukraynaya qarşı müharibə Estoniyada narahatlığı artırsa da, jurnala görə, münaqişənin bitməsi də təhlükəni azalda bilməz. Əksinə, əgər Rusiya Ukraynadan qüvvələrini azad etsə, növbəti addım kimi Baltikyanı ölkələrə, o cümlədən Estoniyaya hücuma başlaya bilər.
 
NATO-nun cavabı və 5-ci maddənin sınağı
 
Hazırda Estoniyada NATO-nun 2 mindən artıq əsgəri var. Alyans bu regionda hərbi iştirakını artırmağa çalışır. Lakin ABŞ qüvvələrinin Avropadakı rolunun azalması fonunda Estoniya, analitiklərin fikrincə, NATO-nun məşhur 5-ci maddəsinin, yəni kollektiv müdafiə öhdəliyinin real döyüş şəraitində ilk dəfə sınağa çəkiləcəyi yer ola bilər.
 
Avropada müharibə riski artır
 
Xatırladaq ki, NATO rəhbərliyindən admiral Pyer Vandye də Alyansın köklü islahatlara ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, NATO bu gün simmetrik qarşıdurmaya hazır deyil.
 
Hərbi ekspert Aleksandr Musiyenkonun fikrincə, Rusiya artıq yeni hərbi kampaniya üçün ehtiyatlar toplayır və bu resursların Ukrayna deyil, məhz Baltik regionunda istifadə olunması ehtimalı artır.
 
Beləliklə, Estoniya nəinki Moskva üçün ideoloji və tarixi baxımdan "uyğun hədəf"dir, həm də coğrafi zəiflikləri və daxili rus azlığı ilə növbəti Rusiya təcavüzünün başlanğıc nöqtəsinə çevrilə bilər.
Seçilən
25
moderator.az

1Mənbələr