AZ

Almaniya 80 ildən sonra ilk dəfə rəsmi Veteranlar Gününü qeyd edir

İyunun 15-də Almaniya II Dünya müharibəsindən sonra ilk dəfə olaraq rəsmi Veteranlar Gününü qeyd edəcək. "Financial Times" yazır ki, bu təşəbbüs Alman cəmiyyətində orduya və hərbi xidmətə münasibətin dəyişdiyini, xüsusilə də Rusiya–Ukrayna müharibəsindən sonra ölkənin təhlükəsizlik siyasətində baş verən ciddi dönüşü əks etdirir.

Müdafiə naziri Boris Pistorius gün ərzində ölkənin müxtəlif şəhərlərində təşkil olunacaq tədbirlərdə iştirak edəcək. Onunla yanaşı, keçmiş və hazırkı hərbçilər, eləcə də mülki şəxslər də tədbirlərə qatılacaq. Əsas mərasim isə Berlinin mərkəzində, Reyxstaq binasının qarşısında qurulan “Veteranlar kəndi”ndə keçiriləcək.

Cəmiyyətdə dərin dəyişikliklərin göstəricisi

Uzun illər boyunca militarizmin istənilən forması Almaniyada ictimai tabu sayılırdı. Yeni yaradılmış Milli Veteranlar İdarəsinin rəhbəri, polkovnik-leytenant Maykl Krause bildirir ki, bu tədbirdə heç bir tank və ya döyüş təyyarəsi nümayiş etdirilməyəcək. Onun sözlərinə görə, məqsəd keçmişi təbliğ etmək yox, yeni yanaşmanı nümayiş etdirməkdir: “Bu, sadəcə ilk addımdır, amma çox vacib addımdır.”

2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanması Almaniyanın təhlükəsizlik siyasətində ciddi dəyişikliklərə səbəb olub. NATO-nun artan təzyiqləri fonunda Almaniya ordusu – Bundesver üçün əlavə maliyyə ayrılıb. Hazırkı kansler Fridrix Merz Bundesveri “Avropanın ən güclü ordusu”na çevirməyi əsas hədəflərdən biri kimi müəyyən edib.

Frankfurtdakı Sülh Araşdırmaları İnstitutunun eksperti Sarah Brokmeyer-Large qeyd edir ki, Veteranlar Gününün qəbul edilməsi Almaniyada silahlı qüvvələrin əhəmiyyətinə dair anlayışın artdığını göstərir: “Cəmiyyət anlayır ki, bizə bacarıqlı ordu lazımdır və əsgərlər dövlətin vacib sütunlarından biridir.”

Tarixi yük və yeni baxış

İkinci Dünya müharibəsinin mirası səbəbindən Almaniyada uzun müddət hərbi fəaliyyətə və veteran anlayışına ehtiyatlı yanaşma hökm sürürdü. “Veteran” termini nasist Almaniyasının silahlı qüvvələri – Vermaxt ilə əlaqələndirilirdi və bu, Bundesver əsgərlərinə hörmət ənənəsinin formalaşmasına mane olurdu.

Alman Ehtiyatlar Assosiasiyasının rəhbəri Patrik Sensburq bu vəziyyəti belə izah edir: “Biz keçmiş müharibələrimizlə fəxr edə bilməzdik. 1950–70-ci illərdə Bundesverdə veteranlara hörmət mədəniyyəti yox idi.”

Əfqanıstan təcrübəsi və tanınma ehtiyacı

Veteran statusunun ictimai tanınmasına təkan verən əsas amillərdən biri Əfqanıstandakı əməliyyatlar olub. ABŞ rəhbərliyində aparılan beynəlxalq missiyada 93 minə yaxın Alman əsgəri iştirak edib. Əməliyyat əvvəlcə sülhməramlı missiya kimi təqdim olunsa da, sonradan Talibanla birbaşa qarşıdurmaya çevrilib. Almaniya bu əməliyyatda 59 əsgərini itirib, minlərlə hərbçi isə yaralanıb və ya psixoloji travma ilə qayıdıb.

Məhz bu döyüşçülər və onların ailələri Almaniyada veteran statusunun rəsmi şəkildə tanınması üçün kampaniyaya başlayıblar. Onlar Anzak Günü (Avstraliya və Yeni Zelandiya), Silahlı Qüvvələr Günü (Böyük Britaniya) və Veteranlar Günü (ABŞ) kimi beynəlxalq nümunələrdən ilham alıblar.

Veteranlar Gününün qeyd olunması təşəbbüsü ilk dəfə 2012-ci ildə o zamankı müdafiə naziri Tomas de Mezyer tərəfindən irəli sürülmüşdü. Lakin bu fikir siyasi dairələrdə dəstək tapmamışdı. Hərbi tarixçi Sönke Neitzel həmin dövrü belə xatırlayır: “Əfqanıstan münaqişəsi o zaman səhv kimi qəbul olunurdu. Cəmiyyət buna hazır deyildi.”

Mübahisəli reaksiya və ictimai ikiləşmə

Yalnız 2023-cü ildə Almaniya Bundestaqı Veteranlar Gününün hər il 15 iyun tarixində qeyd olunmasını rəsmən təsdiqlədi. Müdafiə naziri Pistorius bu qərarı “gecikmiş, lakin vacib təşəbbüs” adlandırıb.

Bununla belə, tədbir ictimai rəydə yekdil qarşılanmayıb. Solçu “Die Linke” partiyası “Biz sizin müharibələrinizi qeyd etmirik” şüarı altında alternativ tədbir təşkil edir və yeni bayramın ordunu legitimləşdirmək cəhdi olduğunu bildirir.

Şərqi Almaniya ərazilərində isə bu təşəbbüsə münasibət daha qarışıqdır. Bu bölgələrdə Rusiyaya tarixi simpatiya və Almaniyanın Ukraynaya silah yardımı ilə bağlı narahatlıqlar mövcuddur. Lakin tarixçi Katja Hoyer bildirir ki, bu ərazilərdə Bundesverə dəstək səviyyəsi yüksək olaraq qalır: “Xüsusilə də, şərqli almanların Bundesverdə sayca daha çox təmsil olunduğunu nəzərə alsaq.”

Veteranlar hələ də tanınma axtarışındadırlar

Əfqanıstanda beş dəfə xidmət etmiş Bundesverin baş serjantı Thorsten Gärtner etiraf edir ki, hələ də Berlində forma ilə ictimai nəqliyyata minməkdən çəkinir: “Ümid edirəm ki, bir gün biz də ABŞ-da olduğu kimi veteranlara şəxsiyyət vəsiqəsi və müəyyən imtiyazlar verilən cəmiyyətə çevriləcəyik. Amma bu hələ uzaq perspektivdir.”

Hazırladı:

S.Elay

XQ

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr