AZ

Milli birliyin xilaskarlıq zirvəsi

Elə tarixlər var ki, xalqın həyatına insanın öz bioqrafiyasına yazıldığı kimi ağrı, mübarizə, həm də ləyaqətlə yazılır. 15 iyun məhz belə günlərdəndir. Bu gün təkcə rəsmi bayram deyil, həm də Azərbaycan xalqının milli qurtuluş, dirçəliş və oyanışının rəmzidir.

Məhz bu gün Azərbaycan xalqı dövlətçiliyin dağılması təhlükəsi ilə üz-üzə qalaraq ümummilli lideri Heydər Əliyevə üz tutdu. Son dərəcə mürəkkəb siyasi vəziyyətdə onun müdrikliyi, qətiyyəti və nüfuzu sayəsində Azərbaycanda sabitliyin və yeni başlanğıcın təməli qoyuldu. 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dərin siyasi böhran girdabına düşdü. Ölkəni xaos, hakimiyyət uğrunda siyasi mübarizə və iqtisadi tənəzzül bürüdü. Cəmiyyət səfalətin astanasında, hakimiyyət isə dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə idi. 1993-cü ilin yayında vəziyyət kritik həddə çatdı: ölkə vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qaldı. Məhz bu an xalq tarixi yaddaşına və özünüqoruma instinktinə söykənərək özündə qətiyyət, müdriklik və milli maraqları təcəssüm etdirən şəxsə – Heydər Əliyevə üz tutdu.

Onun Naxçıvandan Bakıya qayıdışı siyasi cəsarət aktı idi. 1993-cü il iyunun 9-da Heydər Əliyev paytaxta gəldi və iyunun 15-də Milli Məclisin sədri seçildi. Həmin gün müasir Azərbaycanın tarixinə həmişəlik Milli Qurtuluş Günü kimi yazıldı. O çətin günlərdə polkovnik Surət Hüseynovun komandanlığı altında zirehli texnika kolonu Bakıya doğru hərəkət edirdi. Vətəndaş müharibəsi təhlükəsi real idi. Amma Heydər Əliyev tərəddüd etmədən Gəncəyə getdi, orada üsyançılarla görüşdü. Diplomatik bacarığı, cəsarəti və sarsılmaz nüfuzu sayəsində qan tökülməsinin qarşısını aldı, dövlətçiliyi qorudu.

Onun hakimiyyətə gəlişi şəxsi qələbə deyildi. Bu, xaos əvəzinə sabitliyi, dağılma əvəzinə dövlətçiliyi, hakimiyyətsizlik əvəzinə lideri seçən bir xalqın ümumi zəfəri idi.

Heydər Əliyev çox qısa müddətdə dövlət institutlarının dağılmasının qarşısını aldı, sosial gərginliyi aradan qaldırdı, Azərbaycanın beynəlxalq nüfuzunu bərpa etdi, müstəqil, sabit və güclü dövlətin qurulması prosesi başlandı. Əslində, bu, yeni bir dövrün başlanğıcı idi. Bu dövr Azərbaycanı dünya tərəfindən müstəqil geosiyasi subyekt kimi tanınan bir dövlətə çevirdi.

Milli Qurtuluş Günü ¬¬ həlledici anda tərəddüd etməyən, təslim olmayan, ləyaqətli lider ətrafında birləşməyi bacaran xalqın gücünün qələbə çaldığı gündür. Bu gün həm də ölkəni xilas edən tarixi şəxsiyyətin danılmaz xidmətinə ümumxalq ehtiramı günüdür.

2023-cü ildə nəşr olunan “Millətin Atası” adlı elmi monoqrafiya kitabımızda yazıdığımız kimi, Heydər Əliyevin hekayəsi təkcə bir insanın həyatı deyil. Bu, oddan keçmiş, lakin ləyaqətini itirməmiş bir dövlətin tarixidir.

Azərbaycan xalqı böyük xalqdır və yalnız Heydər Əliyev kimi şəxsiyyətlər sayəsində tarixdə öz layiqli yerini qoruyub saxladı. Bəli, 15 iyun adi təqvim günü deyil, millətin öz gələcəyini seçdiyi gündür.

1993–1996-cı illər ərzində Heydər Əliyev əvvəlki hakimiyyətin utopik və xaotik qərarlarının fəsadlarını aradan qaldırmaq üçün sistemli şəkildə çalışdı. Eyni zamanda onun səyləri yalnız yığılıb qalmış problemlərin həlli ilə məhdudlaşmırdı. Bu səylər gələcək inkişaf, dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin siyasi böhrandan çıxarılması məqsədinə yönəlmişdi. Ulu öndər işsizliyin azaldılması, vətəndaşlarda dövlətin gələcəyinə qarşı məsuliyyət hissinin formalaşdırılması məsələlərinə xüsusi önəm verirdi. Bütün bu proseslər onun şəxsi nəzarətində idi.

1993–2003-cü illər dövrü gənc Azərbaycan Respublikasının sınaq və təhlükələrlə üzləşdiyi onillik oldu. Siyasi təzyiqlər, daxili böhranlar, xaricdə qeyri-sabitlik — bütün bunlar rəhbərdən xüsusi bacarıq, əlahiddə liderlik tələb edirdi. Heydər Əliyevin nüfuzu və vaxtında verilmiş qərarları ölkənin nüfuzunun və dövlətçiliyin itirilməsinə yuvarlanmasına imkan vermədi.

Bu onillik ərzində Azərbaycan müstəqilliyin möhkəmləndirilməsi, siyasi həmrəylik, genişmiqyaslı iqtisadi islahatlar və siyasi məkanın humanistləşdirilməsi baxımından çətin, lakin səmərəli bir yol keçdi. Onun rəhbərliyi altında 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş bəzi əraziləri azad etdi. Lakin daha köklü dəyişikliklər və böyük qələbələr üçün sabitlik və ordunun modernləşdirilməsi tələb olunurdu.

1994-cü il mayın 12-də ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya, Fransa -red.) çərçivəsində Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi əldə olundu. Heydər Əliyevin həmin dövrdəki taktikasını belə ifadə etmək olar: “Müharibəni qazanacaq qədər güclü, ondan yayınacaq qədər müdrik olmaq lazımdır.”

Heydər Əliyevin qətiyyəti və strateji düşüncəsi sayəsində Azərbaycan qısa müddət ərzində təkcə sosial gərginliyi aradan qaldırmadı, həm vətəndaş müharibəsindən yayına, həm də müasir, güclü və müstəqil dövlətin qurulmasına başlamağı bacardı.

O vaxtdan üç onillik keçib və bu dövr ərzində Azərbaycan dərin və ciddi dəyişikliklərə imza atdı: ictimai-siyasi həyat sabitləşdirildi; demokratik institutlar yaradıldı; dövlət idarəçiliyi gücləndirildi; yeni ictimai davranış normaları formalaşdı; vətəndaş cəmiyyəti kimliyi təşəkkül tapdı.

1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejiminə əməl olunduğu şəraitdə ölkənin inkişafında strateji istiqamət müəyyən edildi: neft siyasəti. Bu siyasət “Əsrin müqaviləsi” ilə reallaşdı. Azərbaycanın beynəlxalq arenadakı rolu dəyişdi. Ölkəmiz “Böyük İpək Yolu” layihəsində iştirakı sayəsində regional logistika mərkəzinə çevrildi.

Təsirli xarici siyasət modeli formalaşdı, ordu gücləndirildi. Bütün bunlar isə məqamında dövlətin başında dayanan böyük vətənpərvər və islahançının – Ümummilli lider Heydər Əliyevin sayəsində mümkün oldu. Heydər Əliyev yalnız praktiki deyil, eyni zamanda konseptual baxımdan da konsolidasiya olunmuş demokratiya modelini formalaşdırdı və dövlətin gələcək inkişafının əsaslarını qoydu. Onun prezidentliyi dövründə Azərbaycan gələcəyə sıçrayış üçün möhkəm təməl qazandı. O, sadəcə bir siyasətçi kimi deyil, eyni zamanda, millətin rəmzinə, ləyaqət və milli dirçəlişin təcəssümünə çevrildi. Onun arzusu sadə və ali idi: siyasi və ideoloji baxışlarından asılı olmayaraq hər bir azərbaycanlının xoşbəxtliyi.

Yaxşı lider insanlara özünə inanmağa vadar edir. Böyük lider isə onlara bu inamı gerçəyə çevirməkdə kömək edir. Heydər Əliyev milyonlarla insanı birləşdirərək onları vəhdət halında xalqa, millətə çevirdi.

Əminik ki, Heydər Əliyev bu gün bizim aramızda olsaydı, tərəddüd etmədən Ukrayna böhranının həllində vasitəçi missiyasını üzərinə götürərdi. Çünki döyüş şəraitində, dərin vətəndaş qarşıdurması dövründə dövləti idarə etmək onun özünəməxsus məsuliyyətlə qəbul edəcəyi çağırış olardı. Bu gün Ukrayna çoxsaylı problemlərlə üz-üzədir və onların həlli siyasi iradə, müdriklik tələb edir. Çox arzu edirik ki, bu çətin məqamda ukraynalılar və onlarlın rəhbərləri 32 il əvvəl Heydər Əliyevin sayəsində Azərbaycan xalqının göstərdiyi gücü özlərində tapsınlar.

Ulu öndərin şəxsi keyfiyyətləri ayrıca yazının mövzusudur. Qısaca onu deyək ki, Heydər Əliyev həm özündən, həm də komanda üzvlərindən kompromissiz tələbkar idi. Onun işgüzarlıqla müşayiət olunan diplomat sürəti ilə yalnız həqiqi peşəkarlar ayaqlaşa bilirdi.

Məhz onun rəhbərliyi altında dövlət idarəetmə sisteminin yeni modelə transformasiyasına, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara, milyonlarla qaçqının həyatının normallaşmasına başlanıldı.

Bu gün Azərbaycanda bərqərar olmuş sülh yalnız xarici düşmənlərlə deyil, həm də daxili təhdidlər — terrorçular, cəmiyyəti parçalamaq istəyənlərə qarşı gərgin mübarizənin nəticəsidir. Ötən müddətdə revanş cəhdləri liderin siyasi iradəsi və xalqın dəstəyi ilə qarşılanıb.

Biz ümummilli liderin arzusuna – Vətəni azad, bütöv və firavan görmək istəyinə yaxınlaşmışıq. İrəlilədikcə azərbaycançılıq ideologiyasını yaradan şəxsiyyətin ləyaqət və kimliyinin miqyasını daha aydın dərk edirik. Heydər Əliyev hakimiyyətin davamlılığı üçün möhkəm təməl qoydu. Dövlət quruculuğu sahəsində onun gərgin əməyi Azərbaycanı müasir, sürətlə inkişaf edən ölkəyə çevirməyə imkan verdi. İndi ölkəmiz onun layiqli varisi və davamçısı – İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir.

Heydər Əliyev yalnız dövlətçiliyi deyil, həm də strateq və düşüncə adamı kimi, həyatında konsolidasiya olunmuş demokratiyanın yaşaya bilən modelini formalaşdıran dəyər sistemini həyata keçirdi. Onun prezidentliyi illərində müasir Azərbaycanın inkişafı üçün güclü təməl qoyuldu, sabitlik təmin edildi və ölkənin yeni dövrə sıçrayışı üçün şərait yaradıldı.

Azərbaycan xalqı üçün Heydər Əliyev milli simvola, dirçəlişin, gücün və ləyaqətin təcəssümünə çevrildi. Vətəndaşların dəstəyinə söykənərək, o, dövlətin qatlanmış dizini, xalqın əyilmiş qəddini qaldıra bildi. Yaxşı siyasətçi insanları özünə inanmağa vadar edə bilir. Heydər Əliyev kimi dahi siyasətçi isə insanlara özlərinə inanmaq gücü verir.

O, milyonlarla fərdi insanı birləşdirərək vəhdət içində olan millət yaratdı. Bu məqamda icazənizlə səxsi fikrimizi bildirmək istərdik. Əminik ki, Heydər Əliyev bu gün aramızda olsaydı, Ukrayna böhranının həllində vasitəçi missiyasını üzərinə götürərdi. Çünki müharibə və daxili qarşıdurma şəraitində ölkəni idarə etmək ən yüksək səviyyəli çağırışdır. Və o, bu çağırışı qəbul etmək üçün yenə cəsarət nümunəsi göstərərdi.

Prezident Heydər Əliyev həm özünə, həm də tabeliyindəkilərə qarşı tələbkar idi. Onun iş sürətinə yalnız həqiqi peşəkarlar tab gətirə bilirdi. Diletantlar geri çəkilir, yerini xalqına və dövlətinə xidmət etmək istəyən və bacaranlara verirdilər.

Onun hakimiyyətə gəlməsi ilə idarəetmə sistemi tamamilə transformasiya olundu: milyonlarla qaçqının həyatı normallaşdı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ciddi danışıqlar başlandı. Azərbaycanda qeyri-sabitlik yaratmaq, cəmiyyəti parçalamaq istəyənlərin, terror və çevrilişlərdən çəkinməyənlərin qarşısında Heydər Əliyev və ona güvənən xalq birlikdə lay divar kimi dayandı. Həmin dövrün ölüm-dürüm mübarizəsinin müsbət bəhrəsini bu gün hamımız görürük.

Biz hər il ümummilli liderin böyük arzusunun həyata keçməsinə – Azərbaycanın çiçəklənən, bütöv və müstəqil bir ölkəyə çevrilməsinə yaxınlaşırıq. Və hər il daha da aydın olur ki, məhz Heydər Əliyev milli kimliyin, ləyaqətin və dövlətçiliyin, azərbaycançılıq ideyasının əsasını qoyub.

Ümummilli lider yalnız dövlət qurmaqla kifayətlənmədi. O, həm də ölkədə sabit və məsuliyyətli siyasi kurs ənənəsi yaratdı. 15 iyun tarixi millətin xilası günü kimi tarixə əbədi yazıldı. Məhz həmin gün xalq Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışı yeni dövrün başlanğıcı oldu.

Bu gün Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların fəal üzvüdür. İlham Əliyevin Avropa platformalarında parlaq çıxışları, erməni nümayəndələri ilə debatlarda nümayiş etdirdiyi, hər bir azərbaycanlıya qürur hissi yaşadan qətiyyətli mövqeyi 32 il bundan əvvəl başlanan böyük işin davamıdır.

Arif QULIYEV,
Ukrayna Ali Təsil Akademiyasının akademiki

Qara HƏSƏNOV,
Boqdan Xmelnitski adına Melitopol Dövlət Pedaqoji Universitetinin aspirantı

Seçilən
32
xalqqazeti.az

1Mənbələr