AZ

Gələcək indidə başlayır: Bir vebinardan gələn ruhani mesajlar

6-7 yaşındakı bir uşaq həyat eşqi ilə dolu olsa da, artıq ölüm anlayışını yavaş-yavaş qavramağa başlayır. Bu isə çox zaman insanlarda qorxu hissi yaradır.

Sherg.az xəbər verir ki, bu fikirlər psixoloq Aysel Həsənovanın “Gələcək İndidə Yaranır” adlı onlayn vebinarında səsləndirilib. Vebinarın əsas mövzusu həyat və ölüm anlayışlarının insan şüurundakı fəlsəfi və mənəvi yükü üzərində qurulub.

Aysel Həsənova çıxışı zamanı bildirib ki, ölüm həyatın əksi deyil, onun təbii davamıdır:

“İnsanların əksəriyyəti ölümdən qorxduğu üçün yaşamı tam anlamır, onu bütün dərinliyi ilə hiss edə bilmir. Halbuki həyat, məhz ölümlə dəyər qazanır. Ölümlü olduğumuzu dərk etdikcə, yaşadığımız hər anın qədrini daha yaxşı bilirik. Həyat və ölüm bir-birini tamamlayan təbii proseslərdir.”

Vebinarın ən diqqətçəkən hissələrindən biri “Kainat 25” adlı düşündürücü elmi təcrübənin təqdim olunması idi. Aysel Həsənova bu təcrübənin siçanlar üzərində aparıldığını qeyd edərək bildirib:

“Siçanlar üçün ideal və təhlükəsiz, bütün ehtiyacların ödənildiyi bir komfort zona yaradılıb. Lakin zaman keçdikcə siçanlar arasında aqressiya artır. Hətta bəzi ana siçanlar öz balalarını yeməyə başlayırlar. Bu təcrübə göstərir ki, çətinlik və stimullardan tamamilə uzaqlaşdırılmış həyat forması psixoloji və bioloji pozuntulara səbəb olur.”

Buradan belə bir nəticəyə gəlmək olar: çətinliklər insanın zəifləməsi deyil, formalaşması üçün lazımdır. Komfort zona təhlükəsiz görünsə də, daxildən bizi çürüdə bilər. İnkişaf yalnız sınaqlardan keçməklə mümkündür. Ağrı və əzab bəzən insanın özünə qayıtması üçün bir çağırış funksiyası daşıyır.

Vebinarın sonunda Aysel Həsənova iştirakçıların suallarını cavablandırıb və dərin simvolik mənalar daşıyan bir meditasiya seansı keçirib. O, iştirakçılara belə bir təsəvvür təqdim edib:

“Gözlərinizi yumun. Təsəvvür edin ki, dəniz kənarındasınız. Çay içirsiniz. Çay bitdikdən sonra uzun bir səfərə çıxırsınız. Günəş batır, ay sizi izləyir. Yolun sonunda hündür mərtəbəli bir binanın qarşısındasınız. Liftə minib istədiyiniz mərtəbəni seçirsiniz. Mən sizi birinci mərtəbədə gözləyirəm. Siz istədiyiniz mərtəbəyə çatıb sağa dönürsünüz və koridor boyunca gedirsiniz. Koridorun sonunda sizi biri qarşılayır. Bu şəxs, hazırkı yaşınızdan 10-20 yaş böyük olan ‘siz’siniz. Ona bir sual verin. Verdiyi cavabı yadda saxlayın. O sizə bir hədiyyə təqdim edəcək – onu da unutmayın. Sonra geri qayıdın, liftlə birinci mərtəbəyə enin və gözlərinizi açın.”

Psixoloqun sözlərinə görə, bu cavab və hədiyyə insanın həyatına dair vacib mesajlar verir. Hər bir detal simvolik məna daşıyır və insanın şüuraltı ilə əlaqə qurmasına imkan yaradır.




Seçilən
25
1
sherg.az

2Mənbələr