Məşhur müğənni Şakira, futbolçu Gerard Pique ilə 12 illik münasibətini bitirdikdən sonra verdiyi müsahibədə “Uşaqlarım sayəsində həyatda qaldım” deyib. O, uzun müddət Piquenin karyerası üçün öz sənətindən imtina etdiyini də bildirib.
Sherg.az xəbər verir ki, Şakira və Piquenin Milan (12) və Sasha (10) adlı iki oğlu var. BBC-yə danışan sənətçi, uşaqlarının onun üçün həyat mənbəyi olduğunu və övladlarının səhnədə onu izləməsinin çox dəyərli bir an olduğunu söyləyib.
Oğullarının artıq onun konsertlərini izləyə biləcək yaşa gəldiyini qeyd edən Şakira, onların hər zaman narahat olduqlarını və konsertlərin mükəmməl keçməsini istədiklərini deyib. “Onlara izah etməyə çalışıram ki, səhv etmək normaldır, mükəmməllik yoxdur”, – deyə o bildirib.
Şakira daha əvvəl valideynliyin onun üçün ən çətin təcrübə olduğunu demişdi:
“Dünya liderləri ilə görüşdüm, səhnədə çətin çıxışlar etdim, amma heç nə məni ana olmaq qədər çətin duruma salmadı.”
Ayrılıqdan sonra yazdığı "Music Sessions Vol. 53" adlı mahnı isə Piqueyə göndərmə kimi qiymətləndirilir. Mahnıda keçmiş münasibətə dair tənqidi ifadələr yer alıb: “Məni qırdığını düşünürsən, amma məni gücləndirdin”, “Qadınlar artıq ağlamır, qazanc yaradır” kimi sətrlər sosial mediada geniş müzakirələrə səbəb olub. Eyni zamanda Piquenin yeni sevgilisi Clara Chia Martiyə də dolayı eyhamlar edilib: “Bir Ferrarini Twingo ilə, bir Rolexi Casio ilə dəyişdin.”