AZ

15 İyun üfüqündən doğan Günəş...

Azərbaycanı 1993-cü ilin 4 iyunundan başlanmaqda olan növbəti bəlalardan misilsiz siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev dühası xilas etdi

İllər keçsə də, 4 iyun Gəncə hadisələri pis yuxu kimi yaşlı nəslin yaddaşından çıxmır.  Həmin vaxt  Gəncədə dislokasiya olunmuş Rusiyanın 104-cü hava-desant diviziyasının komandiri general Valeri Şerbak öz ixtiyarında olan silah arsenalını bütünlüklə Yevlax Yun Zavodunun direktoru Surət Hüseynova təhvil verərək getmişdi. Ona görə ki, ona sadiq adam idi. Surət Hüseynov  Moskvadakı ağalarının tapşırığına əsasən Qarabağda erməni silahlı dəstələrinin məhv edildiyi ərəfədə özünə tabe olan qoşunları Xankəndinə yaxınlaşarkən döyüşdən çıxararaq Seyfəli poliqonuna gətirdi. Bu, dəhşətli xəyanət idi. Erməni quldur dəstələri bundan istifadə edərək sayca az qalmış qoşunlarımıza ciddi itkilər verib köhnə mövqelərini tutub möhkəmləndilər. O zamankı aciz Elçibəy hakimiyyətinə təzyiqlə korpus komandiri vəzifəsi, polkovnik rütbəsi və digər titullar qoparan Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında labüd silahlı toqquşma baş verdi.  Çünki onun xəyanətləri, ölkədə çaxnaşma salması, erməni quldurlarına deyil, öz hokumətinə meydan oxuması göz qabağında idi. Lakin Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirilən əməliyyatı uğursuz oldu. Qarşıdurma nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə  35 nəfər həlak oldu. Əvvəllər öldürülənlərin sayı 69 nəfər də göstərilirdi.

Prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq mühafizə orqanlarının rəhbər şəxslərini həbs etdilər. Qiyamçı “polkovnik” başda prezident Əbülfəz Əliyev olmaqla hökumətdən istefa verməyi tələb etdi. Vəziyyət daha da ağırlaşdı.
Şahidlərin sözlərinə görə, 709 saylı hərbi hissəyə silahlarının patron daraqlarını təhvil verib geri qayıtmaq istəyən Prezident Qvardiyasının komandiri və 18 əsgər hərbçi avtobusda gülləbaran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya qiyam adlandırılırdı.

Həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünü iflasa apardı. Səriştəsizlik, naşılıq, idarəetmənin itirilməsi nəticəsində ölkə xaos vəziyyətinə gətirilmişdi. Bir tərəfdən ərazilərimizin işğal olunması, digər tərəfdən isə  hər bir siyasi partiyanın özünün silahlı dəstəsinin olması, ayrı-ayrı şəxslərin ordunun müxtəlif qruplarına komandirlik etməsi, nizami ordunun olmaması, dövlət idarəçiliyində təcrübəsi olmayan insanların rəhbərliyə gətirilməsi, o cümlədən yerli icra hakimiyyətlərinə nalayiq adamların təyin edilməsi vəziyyətin bərbad hala düşdüyünü göstərirdi. Bir sözlə, ölkədə tam bir xaos hökm sürürdü.

Surət Hüseynov isə qoşunları Qarabağ istiqamətinə deyil, Bakı istiqamətinə göndərmişdi. Ardıcıl olaraq o vaxtlar rayonların icra başçıları bir-bir ya güllələnir, ya da onların yerinə özlərinə yaxın, kriminal aləmə bağlı olanları təyin edirdilər. Gəncə kimi şəhərdə icra hakimiyyətinin başçısı qətlə yetirildi.  Bir tərəfdən də cənub zonasında Əlikram Hümbətov qondarma “Talış Muğan Respublikası”, şimalda sadvalçılar  “Ləzgistan Respublikası” adlı separatçı qurum yaradırdı. Bununla da, Azərbaycan parçalanmağa doğru gedirdi. Belə bir vəziyyətdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan bu günlərdə 107 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşayacaqdı. Belə bir anda cana doymuş xalq ayağa qalxıb Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə və qətiyyətlə tələb etdi.

Dar gündə xalqın səsinə səs  verən müdrik dövlət xadimi iyunun 9-da Bakıya gələrək vəziyyəti təhlil edib lazımi qərarlar qəbul etdi. Ulu Öndər iyunun 15-də respublika Ali Sovetinin Sədri seçildi. Yalnız bundan sonra xalq dərindən nəfəs aldı, çünki bu, sadəcə qayıdış deyil, böyük xilaskarlıq missiyasının başlanğıcı idi…

Azərbaycan Ulu Öndərimizin əvəzsiz xidmətləri ilə ən çətin sınaqlardan şərəflə çıxdı, öz kövrək müstəqilliyini qoruyub möhkəmlətdi. Ölkəmiz Ümummilli Liderin siyasi kursunu ləyaqətlə davam etdirən  Prezident İlham Əliyevin ağıllı rəhbərliyi ilə iqtisadiyyatını yüksəldərək regionun güclü ordusu və iqtisadiyyatı olan lider dövlətinə çevrildi.

Azərbaycan xalqı bu günlər Ümummilli Lider səviyyəsinə yüksəlmiş öz dahi oğlunun şərəfli xidmətlərini minnətdarlıqla yada salır. Ruhu şad olsun! Məhz Ulu Öndərin misilsiz ideyaları və cahanşümul fəaliyyəti nəticəsində  özünün dediyi kimi, Azərbaycan dünyaya bir Günəş kimi doğdu...

Vəli İlyasov, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr