Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən konfrans 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuşdu.
Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndərə həsr olunmuş film göstərilib.
Konfransı açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın 1995-ci ildə yaradılan bu zalına 30 il öncə ilk dəfə ulu öndər Heydər Əliyevin gəldiyini bildirib. O, dahi siyasətçinin kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyi kimi səciyyələndirdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda “Ulu öndər Heydər Əliyev: konstitusiya və dövlət suverenliyi” mövzusunda çıxış edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Heydər Əliyevin mədəniyyətə xüsusi yanaşması olduğunu söyləyərək deyib ki, ölkəmizdə siyasi hakimiyyətə qayıdan Ümummilli lider zəngin dövlətçilik təcrübəsi və qətiyyəti ilə Azərbaycanı qısa müddətdə çətinlikdən qurtarıb, davamlı inkişaf yoluna çıxarıb.
Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Zaur Əliyevin çıxışları dinlənilib.
XQ