Uranın zənginləşdirilməsi nədir və niyə bu proses beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur?
Uran təbiətdə iki əsas izotop şəklində mövcuddur (izotop — eyni elementin neytron sayı fərqli olan növləridir):
– U-235 (92 proton + 143 neytron)
– U-238 (92 proton + 146 neytron)
Hər iki izotopda 92 proton olsa da, neytron sayı fərqli olduğundan onların fiziki xassələri də dəyişir. Nüvə enerjisi və nüvə silahlarının əsasını təşkil edən U-235 izotopu parçalanmağa daha həssasdır və parçalanma zamanı böyük enerji hasil edir.
Zənginləşdirmə prosesi urandakı U-235 izotopunun faizini süni şəkildə artırmaqdan ibarətdir. Təbii uranda bu izotopun payı cəmi 0,7 faiz təşkil edir ki, bu da nüvə bombası üçün tamamilə yetərsizdir. Nüvə silahı hazırlamaq üçün U-235-in miqdarı təxminən 90 faizə çatdırılmalıdır. Bu səviyyədə parçalanma zamanı yaranan neytronlar yeni U-235 nüvələrinə təsir edərək sürətli və idarəolunmaz zəncirvari reaksiya yaradır, nəticədə güclü nüvə partlayışı baş verir.
Uranın 60 faizə qədər zənginləşdirilməsi artıq silah hazırlanması yolunda son mərhələyə yaxınlaşmaq deməkdir. Bu səviyyədən 90 faizə çatmaq üçün isə, müvafiq texnologiyalar və kifayət qədər sentrifuqalar olduğu halda, çox qısa bir müddət kifayət edə bilər.
Məhz bu səbəbdən uranın zənginləşdirilməsi prosesi beynəlxalq ictimaiyyətin xüsusi diqqətini cəlb edir və narahatlıq doğurur. Çünki zənginləşdirmə səviyyəsi artdıqca, nüvə silahı hazırlamaq imkanları da real təhlükəyə çevrilir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əsas missiyalarından biri beynəlxalq səviyyədə nüvə proqramlarına nəzarət etmək və nüvə texnologiyalarının yalnız sülh məqsədləri üçün istifadə olunmasını təmin etməkdən ibarətdir.