AZ

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda 1992–1993-cü illərdə siyasi sabitlik pozuldu, anarxiya, vətəndaş qarşıdurması və iqtidar uğrunda mübarizə dərinləşdi. Ermənistanın Azərbaycana qarşı başladığı Qarabağ müharibəsi fonunda vəziyyət daha da ağırlaşdı. 1993-cü ilin iyununda Gəncədə başlayan hərbi qiyam ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratdı. Mərkəzi hakimiyyətin gücsüzlüyü, müxtəlif mərkəzlərdən idarə olunan silahlı dəstələrin özbaşınalığı ölkəni xaosa sürüklədi. Hakimiyyəti qəsb edən Əbülfəz Elçibəy hakimiyyəti ölkədəki vəziyyətə nəzarət edə bilmədi. 1993-cü ilin iyun hadisələri Azərbaycanın dağılmaq və vətəndaş qarşıdurmasına sürüklənmək təhlükəsinin reallıq qazandığı məqam idi. Belə bir ağır və böhranlı şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu dönüş nöqtəsi ölkənin tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdi və Azərbaycan dövlətçiliyinin bərpası ilə nəticələndi.

1993-cü ilin iyun böhranı Azərbaycan tarixində ən dərin siyasi böhranlardan biri idi. Ölkə faktiki olaraq dağılmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. 1993-cü ilin iyun ayında Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə mərkəzi hakimiyyətə qarşı başlanan silahlı qiyam qısa müddətdə Bakı da daxil olmaqla digər bölgələrə yayılmaq təhlükəsi yaratdı. Hakimiyyət orqanları faktiki olaraq tabeçilik mexanizmini itirdi. Respublikanın müxtəlif bölgələrində yerli silahlı qruplar və qeyri-rəsmi rəhbərliklər formalaşmaqda idi. Mərkəzi hökumətin zəifliyi və yeritdiyi yarıtmaz siyasət ölkənin ərazi bütövlüyünü və suverenliyini təhdid etməyə başladı. Azərbaycan parçalanmaq riski ilə üzləşdi.
Ermənistanla müharibədə Azərbaycanın durumu da olduqca ağır idi. 1992–1993-cü illərdə Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər kimi strateji rayonları işğal olundu. Orduda vahid komandanlıq yox idi, nizamsızlıq hökm sürürdü. Müharibənin və dövlət hakimiyyəti böhranının nəticəsi olaraq iqtisadiyyat iflic oldu. Əhalinin sosial durumu fəlakətli idi: maaş və pensiyalar ödənilmirdi, ərzaq qıtlığı, işsizlik və yoxsulluq geniş yayıldı. Dövlətin nəzarətindən çıxan regionlarda xaos və özbaşınalıq hökm sürürdü. Zəif dövlət qurumları və daxili parçalanma fonunda bəzi xarici qüvvələrin Azərbaycan daxilində təsir imkanlarını artırmaq cəhdləri müşahidə olunurdu. Ölkənin geosiyasi cəhətdən həssas mövqeyi onu xarici təsirlərə daha da açıq edirdi. 1993-cü ilin iyununda Azərbaycanı gözləyən təhlükələr ölkənin müstəqilliyini itirmək, vətəndaş müharibəsinə sürüklənmək və beynəlxalq siyasi səhnədən silinmək kimi real və yaxın təhlükələr idi. Bu dövrdə daxili siyasi gərginlik ölkənin mövcudluğunu təhdid edən miqyasda idi.

1993-cü ilin iyun böhranı dövründə Azərbaycanda hakimiyyətdə olan şəxslərin vəziyyətə münasibəti bir-birindən kəskin şəkildə fərqlənir və onların davranışları, çıxışları və qərarları həmin proseslərin dərinləşməsinə birbaşa təsir edirdi. Həmin dövrdə dövlət rəhbərliyində olan şəxslərin reaksiyası həm daxili siyasi ziddiyyətləri, həm də idarəetmədəki təcrübəsizliyi və zəifliyi ortaya qoyurdu. 1993-cü ilin iyununda hakimiyyətdə olan şəxslərin əksəriyyəti vəziyyətin nə dərəcədə kritik olduğunu tam dərk etmir və ya ona cavab verməyə qadir deyildilər. Xüsusilə Əbülfəz Elçibəyin Bakını tərk edib qaçıb Naxçıvana getməsi, idarəetmədəki boşluğu daha da dərinləşdirdi. Bu dövrdə yeganə təsirli və strateji qərar Heydər Əliyevin Bakıya dəvət olunması və Ali Sovetin sədri seçilməsi oldu.

Heydər Əliyevin gəlişi ilə xalqın parçalanmış siyasi iradəsi vahid milli məqsədlər ətrafında birləşdi. Liderin şəxsiyyəti ətrafında millətin toparlanması, həm daxili, həm də xarici siyasətdə güclü mövqelərin yaranmasına təkan verdi. Heydər Əliyev atdığı cəsarətli addımlarla Azərbaycanı onun müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır böhranlı vəziyyətlərdən çıxarmağı bacardı və onun yaşamasını təmin etdi. Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan, dağılmaqdan, məhv olmaqdan xilas etdi. Sonrakı illərdə o, ölkədə hüquqi dövlətin əsaslarını yaratdı, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdirdi. Dövlət institutları formalaşdırıldı, qanunvericilik bazası gücləndirildi, idarəçilik mərkəzləşdirildi və hüquqi islahatlara start verildi. Silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi, nizami ordunun yaradılması, hərbi nizam-intizamın bərpası ölkənin təhlükəsizlik sistemini möhkəmləndirdi. Heydər Əliyev balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət yürüdərək Azərbaycanı beynəlxalq təcriddən çıxardı. Sabitlik sayəsində iqtisadi islahatlara başlanıldı. Heydər Əliyevin 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı, Azərbaycan xalqının dövlətçiliyə inamının bərpası, ölkənin dağılmaqdan xilas edilməsi və gələcək inkişaf strategiyasının təməlinin qoyulması demək idi.

Əgər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi və milli birliyi son dərəcə ciddi təhlükə altına düşərdi. Tarixi reallıqlar və siyasi-ictimai mənzərə nəzərə alındıqda, belə bir ssenari ölkə üçün fəlakətli nəticələrə səbəb ola bilərdi. Heydər Əliyevin qayıdışı Azərbaycanın məhv olmaqdan xilas edilməsi, onun mövcudluğunun qorunması və gələcəyə inamın bərpa olunması demək idi. Əgər o, geri dönməsəydi, Azərbaycan böyük ehtimalla müstəqilliyini itirər, bir neçə yerə parçalanar, uzunmüddətli xaosa və xarici asılılığa düşərdi. Bu səbəbdən 15 iyun 1993-cü il təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli xilasa aparan yolun başlanğıcı oldu. 15 iyun 1993-cü ildən sonra Azərbaycanda sabitlik və inkişafın əsası qoyuldu. Yeni dövlət institutları yaradıldı, məhkəmə, prokurorluq, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında islahatlar aparıldı. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı – vahid komandanlıq, nizamlı və peşəkar ordu formalaşdırıldı. İcra hakimiyyəti gücləndirildi, idarəetmədə mərkəzləşmə və nizam-intizam təmin olundu. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı – bu, Azərbaycanın neft-qaz sektoruna milyardlarla dollar sərmayə axınını təmin etdi. Xarici sərmayədarlar ölkəyə cəlb olundu, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi strateji enerji layihələri planlaşdırıldı və reallaşdı. Özəlləşdirmə və bazar iqtisadiyyatına keçid prosesinə başlanıldı. Maliyyə sabitliyi təmin olundu – inflyasiya azaldıldı, dövlət büdcəsi möhkəmləndirildi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq fəal diplomatiya aparmağa başladı. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq qurumlarla əlaqələr gücləndirildi. Qonşu və Qərb dövlətləri ilə balanslı xarici siyasət həyata keçirildi. Azərbaycanın beynəlxalq nüfuzu və etibarı sürətlə artdı. Qurtuluş Günündən sonra başlanan sabitlik və inkişaf prosesi, müasir Azərbaycanın təməl sütunlarını yaratdı. Bu prosesin nəticəsi olaraq Azərbaycan müstəqil, güclü və inkişaf edən bir dövlətə çevrilməyə başladı.
1993-cü ildən sonra başlanan Qurtuluş prosesi, sadəcə bir böhrandan çıxış yolu deyil, eyni zamanda müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və siyasi sabitliyinin əsasını təşkil edən bir dönüş nöqtəsi oldu. Bu prosesin bugünkü dövrə təsirləri çoxşaxəlidir və olduqca önəmlidir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik məktəbi, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daxili və xarici siyasətini heç bir dövlətin təsiri altında olmadan, milli maraqlara əsaslanaraq müəyyən edir. Qurtuluş prosesində əsas tutulan istiqamətlərdən biri olan ordu quruculuğu öz bəhrəsini 2020-ci il Vətən müharibəsində verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda qalan torpaqları azad etdi. Azərbaycan post-sovet məkanında özünün ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa edən ilk ölkə kimi tarixə düşdü və bununla da böyük nüfuz qazandı. Bu, 15 iyun 1993-cü ildən başlanan dövlət quruculuğunun real nəticəsidir. 15 iyun – Azərbaycan xalqının Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin ideoloji və institusional bünövrəsidir.

Vasif Qafarov
Milli Məclisin deputatı

Seçilən
16
moderator.az

1Mənbələr