AZ

İlham Əliyev: Azərbaycan Avrasiyanın əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

BAKI, 15 iyun. TELEQRAF

"Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusunda keçirilən konfrans iştirakçılarına məktubunda yer alıb.

Dövlət başçısı əlavə edib:

"Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir.

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər".

Seçilən
6
20
teleqraf.com

10Mənbələr