Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
Deputat: “EAK Moskvanın sifarişi ilə müxalifətin konsolidasiya mərkəzinə çevrilib”
Ötən həftə Ermənistanda Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi (EAK) arasında ciddi gərginlik yaşandı. Hətta, qarşıdurma ədəbsiz ritorika həddinə çatdı. Paşinyanın komandası ilə EAK arasında münasibətlər həmişə gərgin olub, amma bu dəfə gizli düşmənçilik açıq qarşıdurma həddindədir.
Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov “AYNA”ya müsahibəsində sözügedən prosesi şərh edib. Deputata ilk sualımız da qarşıdurmanı alovlandıran qığılcımın səbəbləri ilə bağlıdır. Həmsöhbətimiz kilsənin kənardan sifarişlə hərəkət etdiyini düşünür:
- Bəli, doğrudan da biz Nikol Paşinyan və onun tərəfdarları arasında erməni kilsəsi ilə münasibətlərin kəskinləşməsinin şahidi oluruq. Açığını deyim ki, EAK ilə Paşinyanın komandası arasında həmişə soyuq münasibətlər olub, lakin heç vaxt birbaşa hücum olmayıb, xüsusən də katolikos II Qareginin özünə qarşı.
Lakin bu gün biz görürük ki, məhz EAK, çox güman ki, Moskvanın sifarişi ilə Ermənistanda bütün anti-Paşinyan müxalifətinin konsolidasiya mərkəzinə çevrilib. Yadımdadır, ötən ilin mayında keşiş Baqrat Srbazan Ermənistanın Baş nazirinin istefası tələbi ilə mitinqlər təşkil edərək Paşinyanla mübarizədə “üzə çıxdı”. Amma hamı bilirdi ki, həm maliyyə, həm də təşkilati dəstək EAK-dan gəlir. Katolikos Qareginin xeyir-duası olmasaydı, bu etiraz hərəkatını təşkil etmək qeyri-mümkün olardı.
Bundan başqa, məlumdur ki, II Qaregin Robert Köçəryanın hakimiyyəti dövründə katolikos seçilib və bu, birincinin üzərinə ikincinin qarşısında müəyyən öhdəliklər qoyur. Katolikos Köçəryana borcludur, onunla sıx təmasdadır və təkcə siyasi-ideoloji deyil, həm də maliyyə cəhətdən. Aydındır ki, siyasi mübarizəyə birbaşa müdaxiləni nəzərdə tutan bu cür konsolidasiya Paşinyan hökumətindən cavabsız qala bilməzdi.
- Bəzi erməni ekspertlər hesab edirlər ki, guya, dindar ermənilər arasında hələ də möhkəm mövqelərə malik olan EAK ilə bu cür ədavət xüsusilə qarşıdan gələn seçkilər ərəfəsində Paşinyana baha başa gələ bilər. Və iddia olunur ki, parlament seçkilərinə hələ bir il qalsa da, Baş nazir öz elektoratının xeyli hissəsini itirə bilər. Bu cür fikirlərlə razısınızmı?
- Erməni cəmiyyətinin, əsasən, əyalət sakinlərindən ibarət müəyyən təbəqəsinin şüurunda EAK-ın təsiri böyükdür. Amma eyni zamanda qeyd etmək yerinə düşər ki, onların əksəriyyəti Nikol Paşinyanı dəstəkləyir. Və bu hissədə erməni kilsəsi sadə əhali arasında Baş nazirin mövqeyini zəiflədə bilər. Ancaq digər tərəfdən, eyni insanlar kilsə iyerarxlarının necə dəbdəbəli yaşadığını, ruhanilərin hansı bahalı avtomobilləri sürdüyünü görürlər. Katolikos və onun ətrafı timsalında EAK institutları ciddi maliyyə strukturları və obyektləri ilə bağlıdır. Bunlar məşuqələri olan insanlardır, qeyri-qanuni uşaqları var, bu da xristian qanunlarına ziddir. Və belə hallar EAK-ın özünün nüfuzuna xələl gətirmirsə, ruhanilərin reputasiyasını kökündən ləkələyir. İndiki vəziyyətdə Paşinyan kilsə iyerarxlarının “ikili həyatını” ifşa edərək “ağrılı nöqtədən” vurmaq qərarına gəlib.
- Bu mübarizədə Köçəryan və Sarkisyanın simasında qondarma revanşistlər gözlənildiyi kimi EAK-ı dəstəklədilər. Heç kimə sirr deyil ki, həm ruhanilər institutu, həm də “keçmişlər” həmişə rusiyayönlü oriyentasiyaya malik olublar. Moskva yaranmış vəziyyətdən istifadə edərək, öz satellitlərinin əli ilə Paşinyanı devirmək üçün “bulanıq sularda balıq” tutmağa cəhd edə bilərmi?
- Təbii ki, Köçəryan da, Sarkisyan da birbaşa EAK-la bağlıdır və onların bir-birini dəstəkləməsinə heç kim şübhə etmir. Amma bir nüansı qeyd etmək istəyirəm ki, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan da özünü “EAK-Köçəryan-Sarkisyan” üçlüyünə dürtüb. Çox güman ki, Ermənistanın bütün keçmiş liderləri Paşinyanın komandasının azlıqda qalmasını təmin etmək üçün seçkilərdən əvvəl deyilsə, heç olmasa seçkilər zamanı birləşmək qərarına gəliblər.
- Sizcə, indiki vəziyyətdə EAK azsaylı da olsa, “Qarabağ klanı” təmsilçilərinin tərəfdarlarını öz ətrafında birləşdirə biləcəkmi? Digər tərəfdən, Paşinyan seçkilər öncəsi erməni kilsəsini gözdən sala və onların hakimiyyəti dinc yolla ələ keçirmək cəhdlərini puç edə biləcəkmi?
- İndiki vəziyyətdə Paşinyanın əks-hücumunun nə dərəcədə uğurlu olacağını proqnozlaşdırmaq çətindir. Amma Paşinyan katolikos II Qareginə qarşı oğurlanmış əmlak, qeyri-qanuni uşaq sahibi olmaq və sair kimi ciddi ittihamlar irəli sürdüyü üçün bunları faktlarla dəstəkləmək lazımdır. Yəni əsassız ittihamlar arqument deyil. Ona görə də Paşinyanın II Qareginə hücumunun nə dərəcədə uğurlu olduğunu hələlik söyləmək çətindir. Düşünürəm ki, bu, çoxhissəli tamaşanın yalnız başlanğıcıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.