BAKI, 15 iyun. TELEQRAF
"Beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri və yeni dünya nizamının formalaşmasının labüdlüyünü nəzərə alan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi - İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının hər birinə daimi üzv kimi yerin verilməsi təklifini irəli sürmüşdür".
Teleqraf xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusundakı konfransda çıxışı zamanı deyib.
YAP rəsmisi bildirib ki, Azərbaycan müxtəlif sahələrdə təşəbbüslərlə çıxış edir:
"Milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədilə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. Ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.
Eyni zamanda, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı – D8-ə üzv olması, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması, eləcə də neokolonializmin bütün təzahürlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyəti olduqca mühüm əhəmiyyətə malikdir. Bir sözlə, həm yerləşdiyi Cənubi Qafqazın, həm də bütövlükdə Avrasiyanın uzunmüddətli və səmərəli əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu nümayiş etdirən Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələrini verməkdədir".