ABŞ-ın nüfuzlu The Wall Street Journal nəşri İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən maraqlı və ciddi iddia irəli sürüb. Nəşrin məlumatına görə, İsrail hakimiyyəti İranın nüvə proqramına qarşı həyata keçirilə biləcək hərbi və ya xüsusi əməliyyatlarda heç bir hədəfi istisna etmir.
Bu çərçivədə İranın ali siyasi və dini rəhbəri Ayətullah Əli Xameneinin də mümkün hədəflər siyahısına daxil olduğu bildirilir.
KONRKET.az xəbər verir ki, mənbə qeyd edir ki, İranın nüvə silahına sahib olması ehtimalı İsrail üçün birbaşa və ciddi təhlükə olaraq qiymətləndirilir. İsrail tərəfi bu səbəbdən İranın nüvə ambisiyalarını dayandırmaq məqsədilə bütün mümkün variantları nəzərdən keçirir və bu prosesdə istənilən səviyyədə qərarvericiləri hədəf almağı planına daxil edə bilər.
Qeyd olunur ki, bu kimi fikirlər İsrailin İranla bağlı strateji səviyyədə nə qədər qətiyyətli mövqe sərgilədiyini nümayiş etdirir. Təl-Əviv, İranın nüvə proqramını regional və qlobal sabitlik üçün əsas təhdid kimi qiymətləndirir və bu səbəbdən ən yüksək səviyyəli rəhbərliyə qarşı belə sərt addımlar atmaq ehtimalını gündəmdə saxlayır.
Xatırladaq ki, son illər ərzində İsrail və İran arasında gərginlik daha da artıb. İranın nüvə proqramında irəliləyişlər əldə etməsi, həmçinin Tehranın İsrailə qarşı yönəlmiş silahlı qruplaşmaları dəstəkləməsi Təl-Əvivin təhlükəsizlik dairələrində narahatlıqla qarşılanır. İsrail artıq dəfələrlə İranın nüvə obyektlərinə qarşı kəşfiyyat və diversiya xarakterli əməliyyatlar həyata keçirdiyini nəinki gizlətmir, hətta bəzi hallarda dolayı yollarla təsdiqləyir.
Bu arada İran tərəfi isə istənilən hücuma sərt cavab veriləcəyini dəfələrlə bəyan edib və İsraili regional sabitliyi pozmaqda ittiham edir.
Natiq Səlim,
KONKRET.az