AZ

Efkan Ala: 3+3 platforması regionda qalıcı sülhün açarıdır

ŞUŞA, 15 iyun. TELEQRAF

Qarabağda təxminən 30 il davam edən işğal dövrü böyük ağrılara, qəlbimizdə sağalmayan yaralara və Cənubi Qafqazda uzunmüddətli sabitsizliyə səbəb olmuşdur. Şükürlər olsun ki, ümummilli lider Heydər Əliyevin ən böyük arzusu olan azad Qarabağ, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında işğaldan azad edildi. Bu torpaqların yenidən azad olunması yalnız hərbi qələbə deyil,eyni zamanda hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür.

Teleqraf xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala Şuşada keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusundakı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, xarici siyasətimizlə regional və qlobal sülhə töhfə verməyə davam edirik:

"Bu istiqamətdə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması da xarici siyasətimizdə prioritet yer tutur. Azərbaycanın Qarabağda tam suverenliyini bərpa etməsi ilə birlikdə bölgədə davamlı sülh və sabitlik üçün tarixi bir fürsət yaranmışdır. Bir zamanlar Qarabağın inzibati və siyasi mərkəzi kimi tanınan Şuşanın yenidən mühüm beynəlxalq toplantı və konfranslara ev sahibliyi etməsi, bölgənin gələcəyinə güclü bir ümid işığı salmaqdadır.

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan yalnızca bir zəfərin sahibi deyil-o, eyni zamanda regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa da tam layiqdir. Bölgədə qalıcı sülhün təmin olunması, iqtisadi inkişaf prosesini də sürətləndirəcək və Cənubi Qafqazın rifahına ciddi töhfə verəcəkdir. Lakin bəzi Qərb dövlətlərinin ermənipərəst mövqeyi bölgədə sülh səylərinə maneə yaratmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, regional əməkdaşlığın gücləndirilməsi çətin olsa da, xarici təzyiqlərə qarşı dayanmaq üçün böyük əhəmiyyət daşıyır".

Efkan Ala bildirib ki, regionun əsl sahiblərinin təşəbbüsü ilə yaranmış 3+3 əməkdaşlıq platforması isə Cənubi Qafqazda qalıcı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşmasında mühüm zəmindir:

"Biz hesab edirik ki, regional problemləri məhz regional ölkələr həll edə bilər. Bu səbəbdən də milli sahiblənmə siyasətini dəstəkləyirik. Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan, öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir. 3+3 platforması bu iradənin institusional ifadəsi olmaqla, ortaq maraqlar əsasında əməkdaşlığa real imkanlar açır.Qeyd edim ki, qlobal sistemin daha ədalətli və əhatəli bir formaya salınması Türkiyə xarici siyasətinin də öncül prioritetlərindən biridir".

Seçilən
10
3
teleqraf.com

4Mənbələr