AZ

Şimali Kiprin baş naziri: Türk dövlətlərinin hər birinin keçmişində azadlıq uğrunda mübarizə var

ŞUŞA, 15 iyun. TELEQRAF

Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının sədri Ünal Üstel Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, Ünal Üstel Qarabağ zəfərinin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsi olduğunu bilidirib: “Biz, Şimali Kipr Türk Cümhuriyyəti olaraq, bu qüruru öz qəlbimizdə hiss etdik. Çünki bu zəfər-qardaşlığımızın, ortaq tariximizin və milli iradəmizin təntənəsidir”.

Baş nazir çıxışında Türk dünyasının birliyinə də xüsusi diqqət çəkərək bildirib ki, artıq bu ailənin bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti Şərqi Aralıq dənizində Türk dünyasının dənizə açılan qapısıdır: “Müasir dünyada milli suverenlik yalnız sərhədləri qorumaq deyil, həm də kimlik, dəyər və iradəni qorumaqla mümkündür. Türk dövlətləri olaraq biz bunu bacardıq”.

Baş nazir vurğulayıb ki, Türk dövlətlərinin hər birinin keçmişində azadlıq və varlıq uğrunda mübarizə var: “Ankara, Bakı, Astana, Bişkek, Daşkənd, Aşqabad, Budapeşt və Lefkoşa-bunlar eyni dastanın fərqli sətirləridir. Bizim keçmişimiz birdir, mübarizəmiz birdir, gələcəyimiz də birdir”.

Ünal Üstel həmçinin bildirib ki, keçirilən beynəlxalq konfransın mövzusu qlobal çağırışlara qarşı birgə mövqeyin və güclü əməkdaşlıq modelinin vacibliyini ortaya qoyur. O, Türk Dövlətləri Təşkilatı ilə inteqrasiyanın dərinləşdirilməsinin ŞKTC üçün strateji əhəmiyyət daşıdığını deyib.

Çıxışının sonunda o, tədbirə ev sahibliyinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib və bu cür görüşlərin Türk dünyası arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib: “Gəlin, Türk dünyasını yalnız xəritələrdə deyil, qəlblərdə də birləşdirək. Yaşasın Türk Dünyası! Yaşasın qardaşlığımız, birliyimiz, həmrəyliyimiz və ortaq gələcəyimiz!”.

Seçilən
16
teleqraf.com

1Mənbələr