Müəmmalı şəkildə Vasili Berezutski ilə yollarını ayıran “Sabah”ın yeni çalışdırıcı axtarışlarına başladığı barədə məlumat vermişdik. Avrokubokların liqa mərhələsinə vəsiqə qazanmaq istəyən paytaxt klubunun rəhbərliyi bu dəfə əcnəbi sevdasından əl çəkib.
Publika.az-ın əldə etdiyi məlumata görə, “bayquşlar” vaxt azlığı və növbəti mövsümü də uğursuz keçirmək ehtimalını nəzərə alaraq bu dəfə yerli məşqçidən yana seçim edib. “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun bu posta bir namizədi var. O, komandanı Ayxan Abbasova tapşırmaq qərarına gəlib. Adıgözəlov həm “Şamaxı”, həm də U-21 milli komandasına rəhbərlik edən mütəxəssisi “Sabah”ı uğura apara biləcək yeganə namizəd hesab edir.
Bu məsələdə ötən mövsüm “Şamaxı”nın “Sabah”la oyunlarda qazandığı nəticələr böyük rol oynayıb. Onun həm yerli, həm də əcnəbi futbolçularla işləmək və güclü seleksiya qabiliyyəti funksioneri valeh edib. Abbasovun gənclərdən ibarət yığmanı çalışdırmasına əl qaldıranlardan biri olan Maqsud Adıgözəlov indi onu komandasına gətirmək istəyir.
Bunun üçün o, AFFA-dan razılıq alıb. Bundan sonra məşqçinin çalışdığı “Şamaxı” rəhbərliyi ilə müzakirə aparacaq. Abbasov isə bu fürsətdən yararlanmaq və əlinə düşən şansı dəyərləndirmək istəyir.