AZ

Erkən nikahın tibbi ZİYANLARI

Erkən nikah - insanların yetkinlik yaşına çatmadan və ya fiziki, psixoloji, sosial baxımdan tam formalaşmadan evləndirilməsi bir çox cəmiyyətlərdə hələ də mövcud olan sosial problemdir. Təəssüf ki, Azərbaycan cəmiyyəti də bu bəladan əziyyət çəkir. Azərbaycanda bu problem xüsusilə yeniyetmə qızları əhatə edir. Hələ də bəzi regionlarda qız uşaqlarının erkən yaşda ərə verilməsi hallarına rast gəlinməkdədir.

Tibb mütəxəssisləri deyirlər erkən nikah yeniyetmələrin sağlamlığının riskə atılması deməkdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) bununla bağlı çağırışında bildirilib ki, erkən nikahlar adətən fiziki və psixoloji baxımdan hələ tam inkişaf etməmiş yeniyetmələrin həyatını risk altına atır. 

TƏBİB ekspertlətinin sözlərinə görə, 18 yaşdan əvvəl qurulan ailələr çox vaxt sağlam olmayan münasibətlər, erkən hamiləlik və riskli doğuşlarla nəticələnir.

Əksər hallarda erkən nikah:

- Ana və körpə üçün təhlükəli olan erkən hamiləliklərə;

- Sonsuzluq və digər ginekoloji problemlərə;

- Psixoloji gərginliyə və sosial təcridə;

- Təhsildən uzaqlaşma və iqtisadi asılılığa səbəb olur.

 “Erkən yaşda ailə quran şəxslər ailə məsuliyyətinə və valideyn olmağa hazır olmurlar. Bu səbəbdən də belə nikahlar çox vaxt uğursuzluqla nəticələnir”, - TƏBİB-in xəbərdarlığında deyilir.

Mama-ginekoloq Nigar Müslümova bildirib ki, erkən yaşda hamilə qalmaq qadın orqanizminə çox ciddi mənfi təsir göstərir. Yeniyetmə qızların orqanizmi hələ tam inkişaf etmədiyi üçün hamiləlik və doğuş zamanı aşağıdakı fəsadlar müşahidə oluna bilər:

- Ana ölümü riski: 15 yaşdan aşağı analarda doğuş zamanı ölüm riski 20 yaşdan yuxarı qadınlarla müqayisədə 5 dəfə yüksəkdir.

- Doğuş travmaları: Erkən yaşda çanaq sümükləri tam formalaşmadığı üçün doğuş zamanı zədələnmələr, fistulalar və ya qeysəriyyə ehtiyacı artır.

- Zəif immun sistem və qidalanma problemi: Yeniyetmələrin bədəni həm öz böyüməsi, həm də dölün inkişafı üçün lazım olan qidaları qarşılayacaq qədər resursa malik olmaya bilər. Bu da anemiyaya, zəif doğulmuş körpələrə səbəb ola bilər.

 Həkimin sözlərinə görə, erkən nikah yalnız fiziki deyil, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir:

“İlk növbədə depressiya və stress yaradır - gənc yaşda ailə məsuliyyətini daşımaq, uşaq böyütmək və sosial təcrid hallarının yaşanması psixi gərginliyə səbəb olur.

Ailə daxili zorakılıq riski yaranır - erkən nikaha məcbur edilən şəxslər çox zaman hüquqlarını müdafiə edə bilmədikləri üçün zorakılığa daha çox məruz qalırlar.

Sosial inkişafın ləngiməsi halları yaşanır - təhsil yarımçıq qalır, peşəkar bacarıqlar inkişaf etmir və bu da gələcəkdə maddi və emosional asılılıq yaradır.

 Nigar Müslümovanın sözlərinə görə, erkən yaşda ana olan qadınların doğduqları uşaqlarda da müxtəlif tibbi risklər müşahidə olunur:

 - Aşağı çəkili doğuş: Ananın bədəni dölü tam təmin edə bilmədiyi üçün körpə normal çəkidən aşağı doğula bilər.

- Körpə ölümü: Erkən yaşda olan anaların yeni doğulan uşaqlarında ölüm riski daha yüksəkdir.

- Genetik və inkişaf problemləri: Düzgün qidalanma və prenatal qulluq çatışmazlığı körpənin beyin və orqan inkişafına mənfi təsir edə bilər.

Ekspertlər deyirlər ki, erkən nikah qadınlara daha çox zərər versə də, kişilər üçün də psixoloji və sosial fəsadlar doğurur. Belə ki, onlar maddi və emosional təzyiq altında olurlar: ailə saxlamaq məsuliyyəti erkən yaşda tam formalaşmamış şəxsiyyətin üzərinə düşdükdə, bu, stress və depressiyaya səbəb ola bilər.

Ailə qurmaq gənc kişiləri də təhsildən uzaqlaşdırır, bu da gələcək peşə və maliyyə imkanlarını məhdudlaşdırır.

Mama-ginekoloq N.Müslümovanın sözlərinə görə, erkən nikahların sağlamlıqla bağlı zərərləri yalnız fərdlərlə məhdudlaşmır:

“Sağlam olmayan nəslin formalaşması baş verir ki, bu da cəmiyyətin genetik və sağlamlıq baxımından zəifləməsinə səbəb olur.

 Erkən nikah səhiyyə xərclərinin artmasına da səbəb ola bilir. Belə ki, erkən hamiləliklər və onların fəsadları dövlətin səhiyyə sisteminə əlavə yük yaradır.

Bu problem iqtisadi geriləmə yaradır: təhsil almayan, sağlamlıq problemi olan şəxslər iqtisadi fəallıqda az iştirak edir, bu isə cəmiyyətin ümumi inkişafını zəiflədir”.

 Müsahibimiz deyir ki, erkən nikahın tibbi ziyanları çoxcəhətli və ciddi olduğundan, onun qarşısının alınması üçün birgə səylər göstərilməlidir. N.Müslümova tövsiyə edilən tədbirlər sırasına aşağıdakıları daxil edib:

- Maarifləndirmə kampaniyaları: Ailələrə və gənclərə erkən nikahın fəsadları barədə məlumat verilməlidir.

- Qanunvericiliyin icrasına nəzarət: Qanuni nikah yaşı ilə bağlı nəzarət mexanizmləri gücləndirilməlidir

Təhsilin əlçatanlığı: Xüsusilə qız uşaqları üçün məktəbə davamiyyət təşviq olunmalıdır.

Reproduktiv sağlamlıq xidmətləri: Yeniyetmələr üçün psixoloji və tibbi məsləhət mərkəzləri  yaradılmalıdır.

 “Erkən nikah yalnız fərdlərin sağlamlığına deyil, bütöv bir cəmiyyətin gələcəyinə təhdiddir. Sağlam, təhsilli və şüurlu nəsil üçün erkən nikahla mübarizə aparmaq hər kəsin vəzifəsidir”, - deyə həkim sonda qeyd edib.

 Araz Zeynalov

Yazı “Jurnalist Araşdırmaları” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi”” layihəsi çərçivəsində hazırlanıb.


Telegram kanalımız
Seçilən
10
1
yenisabah.az

2Mənbələr