AZ

Türkiyədən Kürecik açıqlaması: "İsraillə məlumat paylaşılmır"

BAKI, 15 iyun. TELEQRAF

Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "Kürecik radar bazasından İsrailə məlumat ötürüldüyü" ilə bağlı yayılan iddialara münasibət bildirib.

Teleqraf-ın xəbərinə görə, mərkəzin açıqlamasında bildirilir ki, bu iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:

"Kürecik Radar Bazası Türkiyənin milli təhlükəsizliyi və maraqları çərçivəsində qurulub. Bazanın məqsədi NATO müttəfiqi ölkələrin müdafiəsini təmin etməkdir."

Açıqlamaya əsasən, bazadan əldə edilən məlumatlar yalnız NATO-nun prosedurlarına uyğun şəkildə müttəfiq ölkələrlə məhdud çərçivədə paylaşılır. Məlumatların NATO-ya üzv olmayan ölkələr, o cümlədən İsraillə paylaşılması mümkün deyil.

Qurum yayılan iddiaları qara təbliğat və dezinformasiya kimi qiymətləndirərək xəbərdarlıq edib:
"Bu cür əsassız iddialar, əgər səhv nəticəsində yayılmayıbsa, beşinci kolon fəaliyyətinə bənzər dağıdıcı addım kimi dəyərləndirilə bilər."

Bildirilib ki, ölkənin daxili və xarici təhlükəsizliyi ilə bağlı ictimaiyyəti çaşdıracaq yalan məlumatların yayılması Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsinə əsasən cinayət sayılır.

Mərkəz eyni zamanda vurğulayıb ki, Türkiyə İsrailin Yaxın Şərqdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərinə qarşıdır və bu cür fəaliyyətlərə dəstək verməsi qətiyyən mümkün deyil.
"Türkiyə bu prinsipial mövqeyini NATO daxilində də nümayiş etdirir və İsrailin NATO təlimlərinə qatılmasına qarşı çıxır", - deyə açıqlamada qeyd olunub.

Seçilən
22
teleqraf.com

1Mənbələr