Şuşa, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin tarixində bir mərhələ olan Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasının dördüncü ildönümünün sevincini və qürurunu yaşayıram.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib.
“Ümummilli Lider Heydər Əliyevin “əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə” kimi andığı Şuşa malik olduğu dini, tarixi və monumental abidələri ilə yanaşı, yetirdiyi görkəmli sənət və fikir adamları ilə də Türk dünyasının qəlbində taxt qurmuşdur. Bu gün burada bir tarixin, bir mədəniyyətin və bir xalqın ruhunda görüşürük. Mədəni irsi, sənəti, musiqisi, memarlığı və ruhu ilə Şuşa təkcə bir şəhər deyil, bir mədəniyyətin daşıyıcısıdır. Lakin təəssüf ki, bu coğrafiya tarix boyu həm də didərginliklərə və itkilərə şahidlik etmiş, bölgənin zəngin mədəni irsi məhv edilməyə çalışılmışdır. Qarabağda təxminən 30 il davam edən işğal dövrü böyük ağrılara, qəlbimizdə sağalmayan yaralara və Cənubi Qafqazda uzunmüddətli qeyri-sabitliyə səbəb olmuşdu. Şükürlər olsun ki, Qarabağ Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında işğaldan azad edildi. Bu torpaqların azad olunması yalnız hərbi qələbə deyil, eyni zamanda, hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür”, - deyə Türkiyə Böyük Millət Məclisinin üzvü bildirib.