AZ

Qonşun pisdirsə, köçüb qurtarmaq olmur

Azərbaycanda İsrailə simpatiya bəsləyənlərin sayı az deyil. O da sirr deyil ki, bu simpatiyanın arxasında İrana nifrət hissi dayanır. Niyə belədir? Mahiyyətdə İran bizə Türkiyədən də yaxın ölkədir. Ən azı ona görə ki, İran əhalisinin yarısını türklər təşkil edir. Türkiyədəki türklər bizim qardaşımızdır. İrandakı türklər isə bizim özümüzük. Yəni mən kiməmsə, İrandakı türk də odur...

Nədən Azərbaycanda İrana nifrət, İsrailə isə simpatiya hissi bu qədər güclüdür? Hər şeyin səbəbi var...

Biz İranı ona görə sevmirik ki, bu ölkə fars şovinizminin total nəzarəti altındadır. İranda hər şey farsların marağına tabedir, türklərin marağı isə heçə sayılır. Məhz elə bu səbəbdən də Ermənistan-Azərbaycan müharibəsində şiə ideologiyası üzərindən farsların nəzarətində olan İran şiə və türk Azərbaycanın yox, məhz ermənilərin yanında qərar tutdu. Görünən və görünməyən vasitələrlə Ermənistana dayaq oldu. Bu gün də İran Ermənistanın yanındadır. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına var gücü ilə qarşı çıxır.

İsrail nə edir? Ermənistan-Azərbaycan qarşıdurmasında İsrail bizim yanımızda olub. Özü də dildə yox, məhz əməldə. 30 ilə yaxındır ki, İsrail Azərbaycanın maraqlarından çıxış edir. Ən kritik məqamda belə İsrail Azərbaycana arxa çevirməyib. Hətta Amerikanın basqısına rəğmən Azərbaycanı ultra-müasir silahlarla təchiz edib. Siyasi və hərbi baxımdan Azərbaycanın güclənməsinə təkan verib. İran isə 44 günlük müharibə zamanı öz ərazisindən Ermənistana silah daşınmasını təmin etməklə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdüb...

Ona görə də İranın güclənməsi Türkiyə-Azərbaycan ittifaqının maraqlarına ziddir. Güclü İran hər şeydən öncə Ermənistanın işinə yarıyır. Rusiya və Çinin də İranın güclü olmasında öz maraqları var...

Ümumiyyətlə, Azərbaycan üçün təhlükə törədən 2 ölkə var. Biri Rusiyadır, o biri də İran. Rusiya Ukrayna, İran isə İsrail üzərindən zəiflədilir. Heç şübhəsiz ki, bu, Azərbaycanın işinə yarayır. Üstəlik, bu ölkələrin zəifləməsi onların Ermənistana dəstək vermək imkanlarını da kəskin şəkildə aşağı salır...

Azərbaycan üçün ən önəmlisi odur ki, biz qonşuluğumuzda baş verən müharibələrdən kənarda qalmağı bacarmalıyıq. Azərbaycan hərbi baxımdan güclü olması da bizim üçün olmazsa, olmaz hökmündədir. Bu baxımdan, Türkiyə-Azərbaycan-Pakistan ittifaqı xüsusi önəm daşıyır. Azərbaycan bu ittifaqın güclənməsini və işlək olmasını təmin etmək üçün əlindən gələn hər şeyi etməlidir. Zatən, edir də...

Seçilən
10
vaxt.az

1Mənbələr