AZ

Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır

Bakı, 15 iyun, AZƏRTAC

Vacib atmosfer hadisələrindən biri olan külək havanın üfüqi istiqamətdə hərəkətidir. Külək iqlimə təsir edən amillərdən biridir, çünki o, istiliyi və rütubəti bir ərazidən digərinə aparır. Azərbaycanda küləklər iki qrupa ayrılır. Biri müxtəlif hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması nəticəsində yaranan küləklər, digəri isə yerli xarakter daşıyan küləklərdir. Həmin küləklər səth örtüyündən, relyefdən asılıdır və hər bir ölkə üçün özünəməxsus xarakter daşıyır. Ümumiyyətlə Azərbaycanda xəzri, gilavar, brizlər, fyonlar üstünlük təşkil edir. Bunlar yerli şəraitdə yaranan küləklərdir.

Bunu AZƏRTAC-a Ümumdünya Külək Günü münasibətilə açıqlamasında Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova deyib.

Mütəxəssisin sözlərinə görə, yerli küləklərdən ən güclüsü şimaldan, şimal-şərqdən Azərbaycan ərazisinə daxil olan xəzri küləyidir. İkinci ən çox müşahidə edilən külək gilavardır. O, cənub və cənub-şərqdən ölkə ərazisinə daxil olur. Gilavar yayda havanı isidir, qışda isə nisbətən mülayimləşdirir. Eyni zamanda, bu tip küləklər havanı nisbətən təmizləyir. Əslində xəzri küləyi də havanı təmizləyir. Lakin onun güclü olması təsərrüfata ziyan vurur. Xəzri küləyi yayda temperaturu nisbətən endirir, sərinlik gətirir. Qışda isə havanı soyudur. Bu da təbii olaraq təsərrüfata təsir göstərir.

F.Talıbova bildirib ki, Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır. Digər ərazilərlə müqayisədə həmin yerlərdə uzunmüddətli və yüksək sürətə malik küləklər müşahidə olunur. Bunun səbəbi isə Azərbaycanın relyefindən asılıdır. Böyük Qafqaz dağları şimaldan və qərbdən gələn küləklərin, hava axının qarşısını aldığına görə həmin hava axınları birbaşa Xəzər dənizi üzərindən Azərbaycan ərazisinə daxil olur. Bu da birbaşa Abşeron yarımadasının küləyə məruz qalmasına səbəb olur.

Qeyd olunub ki, hazırda Azərbaycanda bərpaolunan enerji mənbələrinə daha çox üstünlük verilir. COP29-da əsas müzakirə mövzularından və üzərimizə götürdüyümüz öhdəliyin həyata keçirilməsi üçün əsas tədbirlərdən biri də sırf elektrik enerjisinin bərpaolunan enerji mənbələrindən alınmasıdır. Həmin enerjiyə istər Günəş, istər külək, istərsə də su enerjisi aiddir. Azərbaycanda kifayət qədər su, Günəş, külək elektrik stansiyaları mövcuddur. Bakı, Sumqayıt, Abşeron, Binə, Maştağa külək enerjisindən istifadə üçün ən məqsədəuyğun ərazilər sayılır.

“Azərbaycanda külək enerjisindən uzun illərdir ki, istifadə olunur. İlk əvvəl dəyirmanlarda istifadə edirdilər. Daha sonra həmin küləyin enerjisindən təsərrüfatda istifadə olunub. Azərbaycanda 3-ü hibrid olmaqla 8 külək elektrik stansiyası var. Külək enerjisindən istifadənin əhəmiyyətindən söhbət açsaq, deyə bilər ki , ilk növbədə bərpaolunan enerji mənbəyidir. Ondan istifadə birbaşa olaraq atmosferə daxil olan tullantıların, karbon qazının miqdarının azaldılması deməkdir. Bu da bilavasitə ozon təbəqəsinə təsir edir. 2023-cü ildə aparılmış statistikadan məlum olub ki, Azərbaycanda istehsal olunan elektrik enerjisinin miqdarı 29.3 milyard kilovat/saat təşkil edir. Bunun isə 56.6 milyon kilovat/saatı külək enerjisinin payına düşür. Bərpaolunan enerji mənbələrinin hesablanması, mümkün olan potensialın qiymətləndirilməsi, ərazilərin müəyyən edilməsi yönündə hazırda işlər davam edir. Gələcəkdə Azərbaycanın bir çox ərazilərində də külək enerjisindən istifadə olunması, bir çox sahələrdə, hətta kənd təsərrüfatında həmin enerji növünün tətbiqi planlaşdırılır”, - deyə mütəxəssis bildirib.

Seçilən
5
azertag.az

1Mənbələr