AZ

Xalqın birliyinin rəmzi Milli Qurtuluş Günü: Deputat tarixi faktları AÇIQLADI

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İyunun 15-i Azərbaycan xalqının yaddaşına dönüş və qurtuluş günü kimi həkk olunub. Məhz bu tarixdə - 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə baş alıb gedən siyasi gərginliyə, xaosa və parçalanma təhlükəsinə son qoydu. Beləliklə, ölkə tədricən sabitlik və inkişaf yoluna qədəm qoydu.

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçiliyinin qorunmasında və möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu gün təkcə tarixi hadisənin qeyd olunması deyil, həm də xalqın birlik, həmrəylik və güvən içində gələcəyə doğru inamla addımladığının rəmzidir. 1997-ci ildən bayram, 1998-ci ildən isə rəsmi dövlət bayramı kimi qeyd edilən bu gün, Azərbaycanın müstəqil və sabit gələcəyinin əsasının qoyulduğu bir tarix kimi əlamətdardır.

Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə bağlı Oxu.Az Milli Məclisin deputatı, tarix elmlər doktoru Vasif Qafarovla həmsöhbət olub.

Vasif Qafarov bildirib ki, Qurtuluş Gününün tarixi və mahiyyəti Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir:

"1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, 1992-1993-cü illərdə ölkədə siyasi sabitlik pozuldu, anarxiya, vətəndaş qarşıdurması və iqtidar uğrunda mübarizə dərinləşdi. Ermənistanın Azərbaycana qarşı başladığı Qarabağ müharibəsi fonunda vəziyyət daha da ağırlaşdı. 1993-cü ilin iyun ayında Gəncədə qaldırılan qiyam nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Belə bir ağır və böhranlı şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi və 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etdi".

- 1993-cü ilin iyun hadisələrinin tarixi-siyasi mahiyyəti nə idi?

- 1993-cü ilin iyununda Gəncədə qaldırılan qiyam - Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratdı. Mərkəzi hakimiyyətin gücsüzlüyü, yerli silahlı dəstələrin özbaşınalığı ölkəni xaosa sürüklədi. Prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi yarıtmaz hakimiyyət bu vəziyyətə nəzarət edə bilmədi. İyun hadisələri Azərbaycanın dağılmaq və vətəndaş qarşıdurmasına sürüklənmək təhlükəsinin reallıq qazandığı məqam idi.

- Heydər Əliyevin 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıdışının ölkə üçün əhəmiyyəti nədən ibarət idi?

- Heydər Əliyevin 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruması, siyasi sabitliyin təmin olunması və milli inkişaf strategiyasının formalaşması baxımından həlledici oldu. Bu dönüş nöqtəsi ölkənin tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdi və Azərbaycan dövlətçiliyinin bərpası ilə nəticələndi. 1993-cü ilin iyununda ölkə dağılmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Mərkəzi hakimiyyət zəifləmiş, ordu parçalanmış, yerli silahlı dəstələr nəzarəti ələ almışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükənin qarşısı alındı, dövlət strukturlarının dağılması dayandırıldı. Heydər Əliyev qısa zamanda ölkədə nizamsızlığı aradan qaldıraraq sabitlik yaratdı. Müxtəlif siyasi və hərbi qrupların qarşıdurması səngidildi, dövlət idarəçiliyində sistem və nəzarət bərpa olundu.

- O dövrdə Azərbaycanı gözləyən təhlükələr və daxili siyasi gərginlik hansı miqyasda idi?

- 1993-cü ilin iyun böhranı Azərbaycan tarixində ən dərin siyasi böhranlardan biri idi. Ölkə faktiki olaraq, dağılma və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. 1993-cü ilin iyun ayında Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə baş verən silahlı qiyam mərkəzi hakimiyyətə qarşı açıq çıxış idi. Qısa müddətdə bu qarşıdurma Bakı da daxil olmaqla digər bölgələrə yayılmaq təhlükəsi yaratdı. Hakimiyyət orqanları faktiki olaraq tabeçilik mexanizmini itirdilər. Respublikanın müxtəlif bölgələrində yerli silahlı qruplar və qeyri-rəsmi rəhbərliklər formalaşmaqda idi. Mərkəzi hökumətin zəifliyi ölkənin ərazi bütövlüyünü və inzibati idarəetməsini sual altına qoydu. Müstəqil dövlət olaraq Azərbaycan reallıqda parçalanma riski ilə üzləşdi. Ermənistanla müharibədə Azərbaycanın durumu olduqca ağır idi. 1992-1993-cü illərdə Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər kimi strateji rayonları işğal olundu. Orduda vahid komandanlıq yox idi, nizamsızlıq hökm sürürdü. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hakimiyyət vəziyyətə nəzarəti tamamilə itirdi. Ən gərgin anda, iyun ayında Elçibəy paytaxtı tərk edərək Naxçıvana getdi ki, bu da faktiki olaraq ölkədə rəhbərsizliyin baş verdiyini göstərirdi. Müharibənin və idarəolunmazlığın nəticəsi olaraq iqtisadiyyat iflic oldu. Əhalinin sosial durumu fəlakətli idi: maaş və pensiyalar ödənilmirdi, ərzaq qıtlığı, işsizlik və yoxsulluq geniş yayıldı. Dövlətin nəzarətindən çıxan regionlarda xaos və özbaşınalıq hökm sürürdü. Zəif dövlət qurumları və daxili parçalanma fonunda bəzi xarici qüvvələrin Azərbaycan daxilində təsir imkanlarını artırmaq cəhdləri müşahidə olunurdu. Ölkənin geosiyasi cəhətdən həssas mövqeyi onu xarici təsirlərə daha da açıq edirdi. 1993-cü ilin iyununda Azərbaycanı gözləyən təhlükələr ölkənin müstəqilliyini itirmək, vətəndaş müharibəsinə sürüklənmək və beynəlxalq siyasi səhnədən silinmək kimi real və yaxın təhlükələr idi. Bu dövrdə daxili siyasi gərginlik ölkənin mövcudluğunu təhdid edən miqyasda idi.

- Heydər Əliyevin həmin dönəmdə ölkənin siyasi böhrandan çıxarılmasında rolu necə qiymətləndirilə bilər?

- Heydər Əliyevin gəlişi ilə xalqın parçalanmış siyasi iradəsi vahid milli məqsədlər ətrafında birləşdi. Liderin şəxsiyyəti ətrafında millətin toparlanması, həm daxili, həm də xarici siyasətdə güclü mövqelərin yaranmasına təkan verdi. Heydər Əliyev hüquqi dövlətin əsaslarını qoydu, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdirdi. Dövlət institutları formalaşdırıldı, qanunvericilik bazası gücləndirildi, idarəçilik mərkəzləşdirildi və hüquqi islahatlara start verildi. Silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi, nizami ordunun yaradılması, hərbi nizam-intizamın bərpası ölkənin təhlükəsizlik sistemini möhkəmləndirdi. Heydər Əliyev balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət yürüdərək Azərbaycanı beynəlxalq təcriddən çıxardı. Sabitlik sayəsində iqtisadi islahatlara başlanıldı. Neft strategiyası müəyyənləşdirildi, özəlləşdirmə proqramı həyata keçirildi və iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıldı. Heydər Əliyevin 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı, Azərbaycan xalqının dövlətçiliyə inamının bərpası, ölkənin dağılmaqdan xilas edilməsi və gələcək inkişaf strategiyasının təməlinin qoyulması demək idi.

- Həmin dövrdə hakimiyyətdə olan şəxslərin bu prosesə münasibəti necə idi?

- 1993-cü ilin iyun böhranı dövründə Azərbaycanda hakimiyyətdə olan şəxslərin vəziyyətə münasibəti bir-birindən kəskin şəkildə fərqlənirdi və onların davranışları, çıxışları və qərarları həmin proseslərin dərinləşməsinə birbaşa təsir etdi. Həmin dövrdə dövlət rəhbərliyində olan şəxslərin reaksiyası həm daxili siyasi ziddiyyətləri, həm də idarəetmədəki təcrübəsizliyi və zəifliyi ortaya qoydu. 1993-cü ilin iyununda hakimiyyətdə olan şəxslərin əksəriyyəti vəziyyətin nə dərəcədə kritik olduğunu tam dərk etməmiş və ya ona cavab verməyə qadir olmamışdı. Xüsusilə Əbülfəz Elçibəyin Bakını tərk etməsi, idarəetmədəki boşluğu daha da dərinləşdirdi. Bu dövrdə yeganə təsirli və strateji qərar Heydər Əliyevin Bakıya dəvət olunması və Ali Sovetin sədri seçilməsi oldu.

- Əgər Heydər Əliyev geri dönməsəydi, Azərbaycanın taleyi necə ola bilərdi?

- Əgər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi və milli birliyi son dərəcə ciddi təhlükə altına düşərdi. Tarixi reallıqlar və siyasi-ictimai mənzərə nəzərə alındıqda, belə bir ssenari ölkə üçün fəlakətli nəticələrə səbəb ola bilərdi. Heydər Əliyevin qayıdışı Azərbaycanın məhv olmaqdan xilas edilməsi, onun mövcudluğunun qorunması və gələcəyə inamın bərpa olunması demək idi. Əgər o geri dönməsəydi, Azərbaycan böyük ehtimalla müstəqilliyini itirər, bir neçə yerə parçalanar, uzunmüddətli xaosa və xarici asılılığa düşərdi. Bu səbəbdən 15 iyun 1993-cü il təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli xilasa aparan yolun başlanğıcı oldu.

- Qurtuluş Günündən sonra Azərbaycanda sabitlik və inkişaf prosesləri necə başladı?

- Qurtuluş Günü - 15 iyun 1993-cü ildən sonra Azərbaycanda sabitlik və inkişafın əsası qoyuldu. Bu tarixdən sonra ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, ölkənin parçalanmaq təhlükəsindən qurtulması ilə yanaşı, güclü dövlət quruculuğu, iqtisadi islahatlar və milli birliyin təmin olunması istiqamətində yeni bir mərhələni başlatdı. Yeni dövlət institutları yaradıldı, məhkəmə, prokurorluq, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında islahatlar aparıldı. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı - vahid komandanlıq, nizamlı və peşəkar ordu formalaşdırıldı. İcra hakimiyyəti gücləndirildi, idarəetmədə mərkəzləşmə və nizam-intizam təmin olundu. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı - bu, Azərbaycanın neft-qaz sektoruna milyardlarla dollar sərmayə axınını təmin etdi. Xarici sərmayədarlar ölkəyə cəlb olundular, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi strateji enerji layihələri planlaşdırıldı və reallaşdı. Özəlləşdirmə və bazar iqtisadiyyatına keçid prosesinə başlanıldı. Maliyyə sabitliyi təmin olundu - inflyasiya azaldıldı, dövlət büdcəsi möhkəmləndirildi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq fəal diplomatiya aparmağa başladı. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq qurumlarla əlaqələr gücləndirildi. Qonşu və Qərb dövlətləri ilə balanslı xarici siyasət həyata keçirildi. Azərbaycanın beynəlxalq nüfuzu və etibarı sürətlə artdı. Qurtuluş Günündən sonra başlanan sabitlik və inkişaf prosesi, müasir Azərbaycanın təməl sütunlarını yaratdı. Bu prosesin nəticəsi olaraq Azərbaycan müstəqil, güclü və inkişaf edən bir dövlətə çevrilməyə başladı.

- Həmin prosesin müasir dövrə - yəni bu günümüzə təsirləri nədən ibarətdir?

- 1993-cü ildən sonra başlanan Qurtuluş prosesi, sadəcə bir böhrandan çıxış yolu deyil, eyni zamanda müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və siyasi sabitliyinin əsasını təşkil edən bir dönüş nöqtəsi oldu. Bu prosesin bugünkü dövrə təsirləri çoxşaxəlidir və olduqca önəmlidir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik məktəbi, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daxili və xarici siyasətini heç bir dövlətin təsiri altında olmadan, milli maraqlara əsaslanaraq müəyyən edir. Post-sovet məkanında ən sabit və suveren ölkələrdən biri kimi nüfuz qazanıb. Qurtuluş prosesində əsas tutulan istiqamətlərdən biri olan ordu quruculuğu öz bəhrəsini 2020-ci il Vətən müharibəsində verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda qalan torpaqları azad etdi. Bu, 1993-cü ildən başlanan dövlət quruculuğunun real nəticəsidir. Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin ideoloji və institusional bünövrəsidir. 15 iyun 1993-cü ildən başlayan yol, 2020-ci ildə Qarabağ Zəfəri ilə, 2023-cü ildə suverenliyin bərpası və 2030-cu illərə doğru modern və güclü Azərbaycanla davam edir.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
oxu.az

1Mənbələr