AZ

“Tottenhem” Matis Teli tamhüquqlu əsasda satın aldı

“Tottenhem” 20 yaşlı fransalı mərkəz hücumçusu Matis Teli “Bayern”dən tamhüquqlu əsasda “mahmızlar”ın heyətinə qatıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, “Tottenhem” Teli cari ilin fevral ayında “Bayern”dən icarəyə götürmüşdü.

London təmsilçisi fransalı futbolçu ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqabilə imzalayıb. Keçid “mahmızlar”a 53,1 milyon avro məbləğ müqabilində başa gəlib.
Matis Telin yeniyetməlik dövrü “Vilye-le-Bel”, “Paris”, “Jöness Obervilye”, “Klerfonten” və “Monruj 92” klublarında keçib. Yeniyetmə Matisin futbol həyatının erkən mərhələsində həlledici məqam Telin “Renn”ə qoşulması olub. Tel məhz “Renn” ilə böyük futbolda debüt edib və “Bayern” skautlarının diqqətini çəkib. “Bayern” 2022-ci ilin iyulunda Matis Teli 20 milyon avro məbləğ müqabilində heyətinə qatıb.

Cari mövsümdə Tel “Bayern”in heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Mövsüm ikinci yarısından “Tottenhem”in uğurları üçün çalışan Teliin “mahmızlar”ın heyətindəki çıxışı 20 oyun, 3 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Matis Telin qənimətlər muzeyində 2 Almaniya çempionluğu (2022/2023, 2024/2025) var. Həmçinin Tel “Tottenhem”lə 2024/2025-ci illər mövsümünün Avropa Liqasını qazanıb.

Matis Tel Fransanın U-17, U-18, U-19, U-21 yığmalarında çıxış edib, “xoruzlar”ın əsas komandasına isə hələ dəvət almayıb. Tel Fransanın U-17 kollektivi ilə 2022-ci il Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
arena.az

1Mənbələr