AZ

Yay istisində şirin təhlükə: Dondurma yeyənlərin diqqətinə

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yay aylarında istinin yaratdığı halsızlıqla mübarizədə bir çox insanın imdadına yetişən "soyuyan qəhrəman" əlbəttə ki, dondurmadır. Uşaqlı-böyüklü hər kəsin sevimli yay ləzzəti olan bu şirin və sərin desert həm marketlərdə, həm də dondurma köşklərində çeşid-çeşid, rəngbərəng təqdim olunur. Lakin dondurmanın cazibəsinə qapılarkən onun sağlamlıq üçün potensial risklərini də unutmaq olmaz. Çünki düzgün saxlanmayan, tərkibi şübhəli olan və ya normadan artıq qəbul edilən dondurma bəzən istidən qaçış deyil, xəstəliyə dəvət ola bilər.

Yenisabah.az dondurma yeyərkən diqqət etməli olduğunuz məqamları təqdim edir:

Saxlanma şəraiti önəmlidir:

Dondurmanın keyfiyyəti onun düzgün saxlanma şəraitindən çox asılıdır. Marketlərdə və köşklərdə dondurma -18°C temperaturda saxlanmalıdır. Əgər qabın üzərində don əriyib təkrar donmuş su kristalları görsəniz, bu o deməkdir ki, məhsul bir dəfə əriyib və bu hal bakteriya riskini artırır.

Tərkibini oxuyun:

Ən çox yayılmış sağlamlıq riski süni dadlandırıcılar, konservantlar və palma yağı kimi maddələrlə zəngin olan dondurmalardır. Xüsusilə "kremli" yazılan dondurmaların tərkibində heyvani mənşəli yağlar yerinə ucuz bitki yağları istifadə edilə bilər. Bu isə həm mədə-bağırsaq, həm də ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

Əgər qripə yoluxmusunuzsa...

Soyuq qida boğaz ağrısını artıra, immun sistemi zəiflədikdə bakteriya və viruslara müqaviməti azalda bilər. Boğazda iltihab, angina və ya qrip zamanı dondurma yemək müalicəni gecikdirə bilər.

Həddindən artıq qəbul obeziteyə yol aça bilər:

Dondurmanın tərkibində şəkər və yağ miqdarı yüksək olduğu üçün tez-tez və nəzarətsiz qəbul edildikdə artıq çəki problemi yarada bilər. Xüsusilə uşaqlar və şəkərli diabet xəstələri bu məsələdə daha diqqətli olmalıdırlar.

Allergik risklərə qarşı həssas olun:

Süd, yumurta, fındıq, şokolad kimi komponentlərə qarşı allergiyası olanlar dondurma almazdan əvvəl tərkibini diqqətlə oxumalıdırlar.

Ən sağlam variant hansıdır?

Mütəxəssislər daha az emal olunmuş, təbii süddən, meyvədən hazırlanan və qatqısız dondurmaları seçməyi tövsiyə edirlər. Evdə hazırlanmış dondurmalar da həm gigiyenik, həm də tərkibinə nəzarət baxımından daha etibarlıdır.

Qeyd edək ki, dondurma yay aylarında bədəni sərinlədən ləzzətli bir alternativdir, lakin onu seçərkən və istehlak edərkən diqqətli olmaq vacibdir. Əks halda, bu şirin zövq sağlamlıq üçün acı nəticələrə səbəb ola bilər.

Əsmətxanım

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
yenisabah.az

3Mənbələr