Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dost ölkənin münasibətlərini belə ifadə edir ki, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq
15 iyun 2021-ci ildə dünyaya səs salan Şuşa Bəyannaməsinin imzalanmasından dörd il keçir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın tacı Şuşanın şahidliyi ilə imzaladıqları bu sənəd iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə baxış əsasında gələcəklə bağlı yeni hədəflərin müəyyənləşdirilməsi oldu. Tarixi Zəfərimizdən sonra Türkiyə Prezidentinin azad Qarabağa ilk səfərində belə bir mühüm sənədin imzalanması qardaşlığın nümunəsi kimi dəyərləndirildi. İmzalanma mərasimindən sonra dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” söyləyərək onu da əlavə etdi ki, imzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar fəaliyyətimiz üçün əsas amildir. Bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.
2020-ci ilin 27 sentyabrından başlanan Vətən müharibəsinin davam etdiyi müddətdə daim Azərbaycanın yanında olduğunu bəyanatları, dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin dövlət rəsmilərinin ölkəmizlə həmrəylik nümunəsi olan sözləri xalqımıza dəstək idi. 2020-ci ilin dekabr ayının 10-da paytaxtımızda keçirilən Zəfər paradını Azərbaycan Prezidenti İlham Əliyevın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izləməsi dostluğun əbədi simvolu oldu. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi və dünyaya ədalət, beynəlxalq hüquq kimi məfhumların mövcudluğunu çatdırdı. Vətən müharibəsinin davam etdiyi, eyni zamanda, postmünaqişə dövründə xarici mətbuata müsahibələrində Azərbaycan xalqının Qələbəsində qardaş Türkiyənin mənəvi dəstəyindən bəhs edən Prezident İlham Əliyev bu fikri xüsusi qeyd edir ki, müharibə başlandığı ilk gündən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan tək deyil» bəyanatı dünyaya ciddi mesaj oldu. 44 günlük Vətən müharibəsinin hər gününü Azərbaycanla birgə yaşayan, qələbə xəbərlərini böyük coşqu ilə qeyd edən qardaş ölkənin postmünaqişə dövrünün reallıqlarının təsdiqində və təqdimatında da Azərbaycanın yanında olması qürurvericidir. Bu gün ölkəmizin həyatında yaşanan yeni mərhələdə- işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və qurulucuq işlərinin yüksək səviyyədə həyata keçirilməsində Türkiyə şirkətlərinin fəal iştirakı da dünyaya ciddi mesajdır. Türkiyə Prezidenti Zəfər paradındakı nitqində bildirmişdir ki, Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.
Şuşa görüşünü hər iki xalqın həyatında əlamətdar gün, tarixi hadisə adlandıraraq «Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunmaqla, dövlətlərarası iş birliyinin gələcək istiqamətləri də əksini tapır. Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Başqa sözlə, Türkiyə ilə Azərbaycan hər iki ölkənin təhlükəsizliyinin qorunmasında da birgə iştirak edəcək. Bəyannamədə bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanşist çağırışlar səsləndirən Ermənistana və onun havadarlarına xəbərdarlıq oldu. Şuşada Azərbaycan və Türkiyənin bayraqlarının qoşa dalğalanması, Türkiyənin bütün bölgələrindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya Türkiyə- Azərbaycan birliyini nümayiş etdirdi.
Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsi kimi dəyərləndirilir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamə əhatəli sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır, hər iki ölkənin iqtisadi qüdrətini artırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır. Bəyannamədə göstərildiyi kimi, Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir.
Azərbaycan-Türkiyə münasibətləri hər zaman yüksələn xətlə inkişafı ilə diqqətdədir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra əlaqələrimizin yeni istiqamətlər üzrə daha sıx inkişaf etməsi diqqətdən kənarda qalmır. Təbii ki, media, təhsil sahəsində atılan addımları xüsusi qeyd etmək istərdik. Butün bu sahələr Bəyannamədə də öz əksini tapıb. Ortaq Media Platformasının, Türkiyə-Azərbaycan Universitetinin yaradılması qeyd etdiklərimizin təsdiqidir.
Qeyd etdiyimiz kimi, iki dost, qardaş ölkə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də birlik, həmrəylik nümayiş etdirirlər. Bu torpaqlarda mühüm obyektlərin açılışlarında Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı da dostluğumuzun, qardaşlığımızın sarsılmazlığından, nümunə olmasından irəli gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə, 28 May- Müstəqillik Günündə Laçında keçirilən bayram tədbirindəki çıxışında bu məqamları xüsusi qeyd etdi: “Xatırlayacaqsınız, daha əvvəl Qarabağın dünyaya açılan qapıları – Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarını İlham qardaşımla birlikdə açmışdıq. Çox xoşbəxtik ki, bu gün də Laçın Beynəlxalq Hava Limanını açmaq yenə bizə nəsib oldu.”
Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cızılmasında stimulverici amil rolunu oynayır. Bu inam ifadə edilir ki, bundan sonra da Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi yeni-yeni layihələr gündəmə gətiriləcək və onların uğurlu icrası ilə tariximizə mühüm səhifələr yazılacaq. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə qoyulan sərmayələr kimi dəyərləndirilir. Nəzərə alsaq ki, ölkəmiz yeni inkişaf mərhələsini- işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin həyata keçirilməsi dövrünü yaşayır, əminliklə deyə bilərik ki, bu kimi layihələr saysız-hesabsız olacaq. Türkiyə Prezidenti sözügedən çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin dünənini, bu gününü və gələcəyini “Enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq” fikirləri ilə ifadə edərək onu da vurğuladı ki, sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq.
Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı türk dünyasının birliyinə də öz müsbət təsirini göstərir. Hər iki ölkənin bu birliyə töhfələri davamlıdır.
Yeganə Əliyeva, “İki sahil”